AZ

Kristiano Biraqi “Fiorentina”nı “Torino”ya dəyişdi

“Fiorentina”nın sol cinah müdafiəçisi Kristiano Biraqi sözügedən klubu birdəfəlik tərk edərək “Torino”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü “Torino”nun heyətində icarə əsasında keçirmiş futbolçu ilə 2 illik müqavilə imzalanıb. Turinlilər bu keçid üçün Florensiya klubuna cəmi 100 min avro ödəyiblər.

Xatırladaq ki, Kristiano Biraqi 2017-ci ildən “Fiorentina”da çıxış edirdi. O, Florensiya klubunun heyətində 266 oyuna çıxıb, 15 qol vurub, 41 məhsuldar ötürmə müəllifi olub.

Biraqi karyerası ərzində “İnter”, “Yuve Stabiya”, “Kataniya”, “Çittadella”, “Kyevo”, “Qranada”, “Peskara” kimi klubların da şərəfini qoruyub. Müdafiəçi “Torino”da da 15 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kristiano İtaliyanın U-19, U-21 yığmalarında oynadıqdan sonra 2018-ci ildə ölkəsinin əsas millisində debüt edib. Müdafiəçi yığmanın forması ilə meydana çıxdığı 16 oyunda 1 qol vurub, 4 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
62
23
arena.az

9Mənbələr