İran-İsrail münaqişəsinin uzanmasının İranın qonşu dövlətlərlə ticari dövriyyəsinə böyük zərər verəcəyi qaçılmazdır. Nəzərə alsaq ki, İrandan ən çox ərzaq və qeyri-ərzaq məhsulları idxal edən ölkələrdən biri də Azərbaycandır. Deməli bu, yerli bazara da təsirsiz ötüşməyəcək.
Diqqətə çatdıraq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-aprel aylarında İrandan idxal olunan 198 milyon 692 min dollarlıq mal və məhsulların mühüm hissəsini meyvə-tərəvəz, süd və süd məhsulları, qənnadı məmulatları və digər qida məhsulları təşkil edir.
Xüsusilə də son illərdə İran məhsullarının keyfiyyətinə və ucuzluğuna görə alıcılar daha çox bu ölkələrin məhsullarına üz tuturlar. Bu səbəblə də ölkənin istər iri şəhərlərində, istərsə də bölgələrində “İran məhsulları” adı ilə çoxsaylı mağazalara rast gəlirik. Görünən odur ki, daim müştərisi bol olan belə mağazalar yaxın həftələrdə boş qala bilər.
Hələ ki, satıcıların sözlərinə görə, qiymətlərdə artım yoxdur, amma bəzi məhsulların idxalı artıq dayanıb.
Bəs idxalın tamamilə dayanacağı halda, yaxud davam edərsə belə radiasiya təhlükəsi səbəbindən alıcılar bu ölkənin məhsullarından uzaq durarsa, o zaman lazımi tələbatı hansı yaxın ölkə vasitəsilə təmin etmək olar?
“Təbii ki, burada ilk olaraq nəqliyyat-daşınma xərcləri və bazarın ucuzluğu nəzərə alınacaq. Belə olan halda ən uyğun ölkə uzun illərin dostu və müttəfiqi Özbəkistan ola bilər. Çünki, Özbəkistan aqrar məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir.
Kənd təsərrüfatı sahəsində böyük potensiala sahib olan Özbəkistanın Azərbaycanla SSRİ dövründən idxal-ixracı fəal olub. Bu gün də iqtisadi-ticari əməkdaşlığı var və dövriyyənin daha yüksək səviyyəyə qalxmasının qarşısında hansısa bir maneə yoxdur. Əlaqələrin möhkəmlənməsində prezidentlərin və digər yüksək səviyyəli rəsmilərin mütəmadi səfər və görüşləri mühüm rol oynayıb” – iqtisadçı ekspert Namiq Həsənov Bizim.Media-ya açıqlamasında belə deyib.
Ekspertin sözlərinə görə istənilən halda Özbəkistan məhsullarının daha ucuz olub-olmaması məhsulun növündən, valyuta məzənnəsindən, nəqliyyat məsafəsindən asılı olacaq. Amma əlçatanlığını qoruyan ərzaq və qeyri-ərzaq məhsulları hələ ki var və idxalı da artırıla bilər.
Bunların içərisində ən öndə gələn quru meyvələrdir. Əsasən ərik, qoz-fındıq, kişmiş, gavalı, əncir və s. quru meyvələri həm keyfiyyətli, həm də dadlı olur. Bundan başqa ədviyyatlar, xüsusən müxtəlif bitki çayları (həm də tibbi olmaqla), zirə, sarıkök, qurudulmuş ətirli göyərti növləri də idxal etmək olar.
“Ənənəvi istehsalçıdır, çoxlu istehsal olduğu üçün İrana nisbətən daha ucuz ola bilər. Bundan başqa təzə meyvə-tərəvəz də yerli bazarımıza rəng qatar. Özbəkistanda meyvə-tərəvəz daxili bazar üçün çox istehsal olunduğuna görə, məhsul bolluğu qiyməti aşağı salır. Həmçinin Özbəkistanın un və çörək məhsulları, çərəz və şirniyyatlar, bitki yağı (xüsusən pambıq və küncüt yağı) İrana nisbətən ucuz olur”.
Ərzaq məhsullarından başqa tekstil, xüsusən də pambıq məhsulları (Azərbaycandan fərqli olaraq Özbəkistan pambıq becərilməsini və sənayedə istehsalını postsovet dövründə də davam etdirib. Hazırda Özbəkistan Asiyanın əsas pambıq istehsalçılarındandır), eləcə də aqrar təsərrüfatda istifadə olunan gübrə və digər bitkiçilk dərmanları da idxal etmək mümkündür.
Xatırladaq ki, Bakıda keçirilmiş Azərbaycan-Özbəkistan Regionlararası Forumunda 2030-cü ilə qədər Azərbaycan və Özbəkistanın illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edilmişdi.
Şəfiqə Şəfa, Bizim Media