"Milli Məclisin qəbul etdiyi “Yaşayış minimumu haqqında” yeni Qanun təkcə sosial müdafiə sahəsinə deyil, dolayısıyla təhsil sisteminə də mühüm təsir göstərə bilər. Bu qərar, ailələrin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, onların təhsil sektorunda iştirak imkanlarını da gücləndirəcək. Gəlin məsələni bir neçə aspektdən qiymətləndirək"
Bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ilk növbədə, sosial yardımların artırılması aztəminatlı ailələrdən olan uşaqlar üçün daha dayanıqlı sosial zəmin yaradır:
"Bu, onların məktəbə davamiyyətinə, dərs ləvazimatları və məktəbli geyimləri ilə təmin olunmasına birbaşa təsir edir. Əvvəllər iqtisadi səbəblərdən dolayı təhsildən yayınan və ya psixoloji təzyiq hiss edən uşaqlar bu cür dəstək vasitəsilə daha güvənli və ardıcıl şəkildə təhsilə qoşula biləcəklər. Bu, xüsusilə kənd və region məktəblərində təhsilin davamlılığı və inklüzivliyi baxımından əhəmiyyətlidir. İkincisi, təhsil müəssisələrinin ehtiyaclı ailələrin uşaqları üçün əlavə resurslara çıxışı artırıla bilər. Sosial yardımın genişlənməsi məktəblərin maliyyə sisteminə birbaşa vəsait yönəltməsə də, dolaylı şəkildə onların üzərindəki sosial yükü azaldır. Beləliklə, məktəblər bu resursları daha çox pedaqoji keyfiyyətin yüksəldilməsinə – təlim metodlarının yenilənməsinə, əlavə dərnəklərin təşkili və psixoloji dəstək xidmətlərinin genişləndirilməsinə yönəldə bilərlər. Üçüncüsü, valideynlərin sosial rifahının artması onların təhsilə münasibətini dəyişdirə bilər. Bir çox ailə gündəlik dolanışıq probleminə görə övladlarının təhsili ilə fəal maraqlana bilmirdi. İndi isə sosial sabitliyin artması valideynlərin məktəb tədbirlərində, icma layihələrində və məktəb-valideyn əlaqələrində daha aktiv iştirakını stimullaşdıra bilər. Bu həm məktəbə olan etimadı gücləndirir, həm də təhsilin ailə daxilindəki dəyərini artırır".
Ekspert son olaraq bildirib ki, sosial yardımın artması uşağın psixoloji rifahına da müsbət təsir göstərə bilər. O, həmçinin qeyd edib ki, maddi ehtiyac içində olan şagirdlər çox zaman həmyaşıdları arasında özünü qeyri-bərabər hiss edir:
"Bu da onların motivasiyasını və məktəblə emosional bağını zəiflədir. Ailələrin bu dəstəyi alması uşağın məktəbdə özünü dəyərli hiss etməsinə, sosial adaptasiyasına və akademik nailiyyətlərinə birbaşa təsir edə bilər. Nəticə olaraq, “Yaşayış minimumu haqqında” qanunun sosial yardım mexanizmlərini genişləndirməsi təkcə bir iqtisadi addım deyil – bu, eyni zamanda təhsil sektoruna yönəlik sosial ədalətin bərpasına və inklüziv təhsil modelinin daha dayanıqlı əsaslarla qurulmasına doğru atılmış mühüm bir strateji addımdır. Bu mexanizmlə paralel şəkildə məktəblərin sosial xidmətlər şəbəkəsi də gücləndirilməlidir ki, sosial dəstək real nəticəyə çevrilsin".
Pərvanə Fərhadqızı
QHT.az