Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “İmişli” baş məşqçisini açıqlayıb. Bölgə təmsilçisinin sükanı Jorje Kasqilyaya tapşırılıb.
Son klubu Çexiyada III Liqa təmsilçisi “Znoymo” olan mütəxəssis martdan işsiz idi. Məşqçi karyerasına Portuqaliyada “San Mariya”da başlayan mütəxəssis daha sonra ölkəsində “Valdevez”, “Merelinense”, “Moreyrense”, “Leyşoeş”, “Leira”, “Vizeu”, “Madeyra”, “Jil Visente”, “Kova Pidade” və “Trofense”də işləyib. Maraqlıdır ki, Jorjenin ən uzunmüddətli iş yeri “Moreyrense” olub. 2009-2013-cü illərdə bu komandaya rəhbərlik edən mütəxəssis 101 oyunda 1,41 xal ortalaması ilə işləyib.
Portuqaliyalı mütəxəssis növbəti 9 iş yerində isə maksimum qısamüddətli çalışıb. Onun ən çox oyun sayı keçirdiyi “Leyşoeş”, “Jil Visente”, “Madeyra” olub – 21 matç. Son klubu “Znoymo”da isə 9 oyunda komandaya rəhbərlik edib.
Ötən mövsüm komandaya rəhbərlik edən və elitaya yüksəldən Fərid Namazovla yollarını ayırıb, postu əcnəbiyə tapşırılması birmənalı qarşılanmır. Karyerasında hansısa uğuru olmayan və futbol dünyasına tanış olmayan Kasqilyanın “İmişli”yə təyinatı xüsusi maraq doğurur. Azərbaycan futbolunda yerli məşqçilərə inamsızlığın növbəti dəfə sübutu olan bu təyinatın klub üçün hansı effekti verəcəyini zaman göstərəcək.
Şahin Cəfərov