Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı yeni, 18-ci sanksiya paketini təsdiqləməkdən imtina edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” adının açıqlanmasını istəməyən Aİ Daimi Nümayəndələr Komitəsinin (Koreper) iyunun 23-də Brüsseldə keçirilmiş iclasının nəticələri ilə tanış olan Aİ diplomatlarına istinadən məlumat yayıb.
“İki nümayəndə heyəti Avropa Şurasının iyunun 26-da keçiriləcək iclasına qədər Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsinə mane olub”, - mənbə bildirib.
O əlavə edib ki, bu ölkələr Slovakiya və Macarıstandır. Beləliklə, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin təsdiqi əngəllənib.
Nəşrə başqa bir mənbə bildirib ki, iyunun 23-də Avropa Komissiyası Aİ ölkələrinin səfirlərinə 18-ci sanksiya paketinə təklif etdiyi son düzəlişləri təqdim edib və bu düzəlişlər hələ də Rusiya neftinin qiymət tavanının aşağı salınması təkliflərini özündə əks etdirir.
"Bəzi nümayəndə heyətləri, daha açıq şəkildə, beynəlxalq neft bazarının hazırkı vəziyyətini nəzərə alaraq, Rusiya neftinin qiymətinin yuxarı həddinin azaldılmasını, digərləri isə onu saxlamaq istəyir. Bununla belə, biz razılaşmaya çox yaxınıq", - diplomat bildirib.
Publika.az