AZ

İran-İsrail münasibətlərində növbəti addım nə olacaq? - Vacib açıqlama

İranla İsrail arasında atəşkəs elan olundu və bu razılaşmanın ABŞ, İsrail, Qətər və İran arasında aparılan danışıqlardan sonra əldə edildiyi bildirilir. 
Bəs bu atəşkəs uzunmüddətli olacaq? 
Moderator.az-a danışan politoloq Turan Rzayev bildirib ki, İranla İsrail arasında atəşkəsin elan olunması əslində gözlənilən idi.
Onun sözlərinə görə,  İranın Qətər və digər ölkələrdəki Amerika bazalarına zərbələr endirməsi fonunda Vaşinqtonun sülh məsələsində daha maraqlı olacağı aydın görünürdü:
“Faktiki olaraq, İsrail İranın obyektlərinə zərbələr endirdi və qısa müddət də olsa, İrana nəzəri baxımdan təhdid yarada, effektiv hücum edə biləcəyini nümayiş etdirdi. Bu baxımdan, Netanyahu daxili auditoriyada öz prestijini yüksəldə bildi. Paralel olaraq, ABŞ həm İsrailə, həm də İrana sərbəst fəaliyyət imkanı yaradaraq onların güc sərf etməsinə şərait yaratdı. Beləliklə, bir tərəfdən İran nüvə danışıqlarına görə cəzalandırılmış oldu, digər tərəfdən isə İsrailin İrana hücum etmək istəyinə müəyyən mənada şərait yaradıldı. Nəticə etibarilə, ABŞ hər iki tərəfin müəyyən istəklərini təmin etmiş oldu və sonda danışıqlarda vasitəçi rolunu üzərinə götürərək atəşkəsi təmin edən tərəf kimi çıxış etdi.
İrana gəldikdə isə, o da eyni şəkildə İsrailə zərbələr endirdi və dağıntılara səbəb oldu. Paralel olaraq, daha da irəli gedərək Hörmüz boğazını bağlamaqla hədələdi, Qətəri bu prosesə cəlb etdi və digər bəzi ölkələrdə yerləşən Amerika bazalarına da – məhdud səviyyədə olsa belə – zərbələr endirdi. Bununla da İranın ali rəhbərliyi və mövcud rejim öz gücünü nümayiş etdirmiş oldu və daxili auditoriyanın təzyiqlərini balanslaşdırdı. Nəticə etibarilə, hər bir tərəf məmnun qaldı. Hər kəs öz maraqlarını müəyyən dərəcədə təmin etmiş oldu və bu səbəbdən atəşkəs üçün əlverişli zaman yetişdi. Bununla belə, həm atəşkəslə maraqlı olan, həm də maraqlı olmayan tərəflər var”.
 
Politoloqun fikirincə, Amerika və İran bu mərhələdə atəşkəslə maraqlıdır – artıq bu qədər münaqişə və gərginlik kifayət edir:
“Lakin İsrail hələ də tam şəkildə razı qalmayıb. Netanyahunun atəşkəslə bağlı verdiyi açıqlamada qeyd olunur ki, əgər atəşkəsə qarşı hər hansı addım atılarsa, buna sərt şəkildə cavab veriləcək.
Mən bu atəşkəsi müvəqqəti hesab edirəm. Ən azından yaxın müddətdə tərəflər arasında gərginliyin yenidən alovlanması mümkündür. Ümumiyyətlə, təcrübə göstərir ki, Netanyahu nə vaxt atəşkəslə bağlı inamsız danışırsa, bu, adətən həmin atəşkəsin pozulması ilə nəticələnir.
Çünki İsrailin əsas məqsədi bu atəşkəsi təmin etmək deyildi. Onun əsas hədəfi İrana hərbi müdaxilə üçün zəmin yaratmaq və İranın parçalanması ssenarisi üzərində daha planlı və sistemli şəkildə işləmək idi. Lakin görünən odur ki, hələlik ABŞ bu istiqamətdə hərəkət etməyə hazır deyil.
Trampın total müharibə həvəskarı olduğunu düşünmürəm. O, nə ordunu səfərbər etmək, nə də Amerikanın resurslarını tükətmək niyyətindədir. İranla müharibənin fəsadlarının nə qədər ağır ola biləcəyini yaxşı bilir. Məhz buna görə də ABŞ total müharibə əvəzinə daha lokal xarakterli cavab tədbirlərini nəzərdən keçirir.
Bu baxımdan, hazırda gərginliyin müəyyən qədər səngidiyini söyləmək olar. Lakin atəşkəs son dərəcə kövrəkdir və real sülh üçün hələ də möhkəm bir zəmin yaranmayıb. Davamlı sülh üçün ciddi və genişmiqyaslı danışıqlara ehtiyac var. Qeyd etmək lazımdır ki, həm İsrailin, həm də İranın ambisiyaları olduqca yüksəkdir. Bu səbəbdən də danışıqlarda əsl maraqlı tərəflərin sayı çox azdır. Daha dəqiq desək, xüsusilə İsrail tərəfi bu mərhələdə sülh danışıqlarına maraqlı görünmür”.
 
Mehin Mehmanqızı
 
Seçilən
3
7
moderator.az

5Mənbələr