Milli Məclisin iclasında çıxış edən deputat Nizami Səfərov bəzi Qərb dairələrinin beynəlxalq cinayətlərə selektiv yanaşmasını tənqid edib. O, Azərbaycanın beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq, soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsini həyata keçirdiyini bildirib.
Hüquqşünas deputat qeyd edib ki, hazırda milli məhkəmələrdə baxılan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda törədilib və bu, ərazi yurisdiksiyasının tam qanuni əsaslarla tətbiqini şərtləndirir:
“Cinayətlərin qurbanları Azərbaycan vətəndaşlarıdır. Bu amil milli yurisdiksiyanın tətbiqi üçün legitim hüquqi baza yaradır”.
Nizami Səfərov əlavə edib ki, Azərbaycan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən universal sənədlərə, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarına və 1996-cı ildə qoşulduğu Soyqırımı Konvensiyasına tam şəkildə əməl edir.
Deputat onu da vurğulayıb ki, BMT-nin Beynəlxalq Hüquq Komissiyası tərəfindən hazırlanmış və hazırda Baş Assambleyanın gündəmində olan “İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Konvensiya layihəsi də bu cinayətlərin hər bir dövlət tərəfindən təqibini tələb edir.
“Müharibə canilərini “hərbi əsir” və ya “girov” kimi təqdim etmək cəhdləri beynəlxalq hüququn prinsiplərinə ziddir. 1970-ci ildə Beynəlxalq Məhkəmənin “Barselona Trekşn” işi üzrə qəbul etdiyi qərarda qeyd olunub ki, soyqırım cinayətinin qadağan edilməsindən irəli gələn öhdəliklər bütün dövlətlər üçün mütləq xarakter daşıyır”, – deyə deputat bildirib.
Sonda Nizami Səfərov bildirib ki, müharibə canilərini cəzalandıraraq Azərbaycan bütöv bəşəriyyəti təmsil edir və beynəlxalq miqyasda qanunun aliliyini təmin etmək üçün zəruri addımlar atacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta