Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin bu gün, 24 iyunda keçirilən plenar iclasında çıxış edib.
Musavat.com bildirir ki, spiker iki gündən sonra xalqımızın Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü böyük qürurla qeyd edəcəyini vurğulayıb:
“107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli ordumuz şərəfli inkişaf yolu keçib. Xüsusən, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə ordunun kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilib. Heydər Əliyev yolunu ordu quruculuğu sahəsində də layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyyatında göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib.
Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin öz yerini tutması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış, ölümlə üz-üzə dayanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq”.
S.Qafarova bildirib ki, bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin və suverenliyinin keşiyində sayıq dayanıb:
“Onlar işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri də layiqincə yerinə yetirirlər. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək.
Hörmətli həmkarlar!
Silahlı Qüvvələr Günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”.
Deputatlar parlament sədrinin təbrikinə alqışları ilə dəstək ifadə ediblər.
E.Paşasoy,
Musavat.com