AZ

Deputatdan Azərbaycan ordusu ilə bağlı maraqlı çıxış

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışı zamanı öncə ordu quruculuğunun tarixindən bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən, ölkədə ilk nizami hərbi hissənin - Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atıldı: “Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Onun rəhbərliyi ilə hərbi qulluqçuların döyüş peşəkarlığı, döyüş ruhu artırıldı, maddi-texniki təminat yaxşılaşdırıldı, Azərbayan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı.

Heydər Əliyevdən sonra Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox vəsait ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı”.

C.Məmmədov qeyd edib ki, bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib:

“Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb. Qarşıda isə bir sıra yeni layihələr durur”.
Deputat qeyd etdi ki, bütün bunlar Azərbaycanda ordu quruculuğunun uğurla həyata keçirildiyi, Azərbaycan ordusunun günü-gündən daha da gücləndiyini göstərir.

E.Paşasoy,
Musavat.com

Seçilən
4
1
musavat.com

4Mənbələr