AZ

Azərbaycanda çörəkdən imtina artır -AÇIQLAMA

Vətəndaşın çörəyə münasibəti dəyişir, həm həkim qorxudur, həm bazar
 
 
Azərbaycanda çörək istehlakı cüzi azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda adambaşına düşən təzə çörək istehlakı 115.9 kiloqram təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə (116.6 kq) cüzi azalma deməkdir. Xatırladaq ki, ötən il ölkədə ümumilikdə 1 milyon 196.8 min ton çörək istehsal olunub.
Onu deyək ki, son vaxtlar çörəyin ziyanları barədə daha çox fikirlər səsləndirilir. Bəzi vətəndaşlar çörəyin tərkibinin zərərli olduğunu düşündükləri üçün çörək yemirlər, bəziləri isə mağazadan çörək almaq əvəzinə evdə hazırlamağa üstünlük verirlər. Ekspertlər isə hesab edir ki, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir. Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum şəkildə az istifadə edir.

İqtisadçı-ekspert Xalid Kərimli də Sherg.az-a açıqlamasında deyib ki, istehlakın azalması əhalinin qida rasionunun dəyişməsi ilə bağlıdır. Son vaxtlar insanların un və çörək məmulatlarını daha az istehlak etməyə başladığını vurğulayan ekspert qeyd edib ki, bu da köklük, şəkərli diabet, ürək-damar xəstəliklərinin artması ilə bağlıdır: 

“Əhali fitnes mərkəzlərinə daha çox meyl etməyə başlayıb. Həkimlərə, dietoloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir. Əslində, bu, müsbət haldır ki, əhali sağlam həyat tərzini seçir. Un məmulatlarından, çörəkdən az istifadə etməyə başlayıb. Ümumiyyətlə, çörəyin istehlakının azalmasına qiymət amili demək olar ki, təsir etmir. Çörək xalqımızın qida rasionunda hər zaman aparıcı roldadı. Çörəyin qiyməti neçə olursa-olsun, ona tələbat azalmır. Sadəcə, müəyyən sağlamlıq problemi ilə üzləşən, artıq çəkidən xilas olmaq istəyənlər çörəyi az istehlak edirlər. Kərə yağı isə bitki yağlarından bir neçə dəfə bahadır. Qida mütəxəssisləri də bitki yağlarına üstünlük verilməsini tövsiyə edir. Baxmayaraq ki, əslində, satışda olan nə kərə yağlarının, nə də bitki yağlarının tərkibi məlumdur. Yağlardan istifadədə yaranan fərq həm qiymətlə, həm də istehlakçının seçimi ilə bağlıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, indi vətəndaşlar çörəyin keyfiyyəti, tərkibi və sağlamlığa təsiri ilə bağlı daha çox məlumatlıdır:

 "İnsanlar artıq qidalanmada çörəyə daha ehtiyatla yanaşmağa başlayıblar. Bir tərəfdən həkimlər və qidalanma üzrə mütəxəssislər ağ unun zərərləri barədə xəbərdarlıqlar edir, digər tərəfdən bəzi ailələr gündəlik büdcəyə qənaət məqsədilə çörək istehlakını azaldır".

Ölkəmizdə çörək istehlakının azalmasını müsbət tendensiya kimi qiymətləndirən AİB sədri bildirib ki, çörəyin hazırlanması üçün istifadə olunan əksər qatqılar standartlara uyğun deyi: 
“Çörək daha ağır çəkiyə malik olsun deyə, xəmirə maya həddindən artıq miqdarda vurulur. Bəzən çörəklər tam bişməmiş satışa çıxarılır. İstehsal prosesində keyfiyyətsiz, istifadə müddəti bitmiş qatqı maddələrindən istifadə edilir. Ona görə də çörəklərdə kif göbələkləri aşkarlanır. Uzun müddət saxlanılan çörəyin kiflənməsi sağlamlıq üçün risk yaradır. Allergik reaksiyalara, həzm problemlərinə və daha ciddi xəstəliklərə səbəb ola bilər.
Əgər azalma insanların sağlamlıq məqsədilə çörəkdən imtina etməsi ilə bağlıdırsa, bunu düzgün istiqamət kimi dəyərləndirmək olar. Lakin bu azalma sırf maddi səbəblərlə bağlıdırsa, bu, sosial rifahın təhlili baxımından narahatedici göstəricidir".
Seçilən
2
sherg.az

1Mənbələr