Bakı, 24 iyun, AZƏRTAC
Cari ilin 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci il aprel ayının sonu üçün bank sektorunun aktivləri təqribən 54,6 milyard manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur.
“Ötən ilə nisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14 faiz artaraq, hesabat dövründə 28,1 milyard manata çatıb. Biznes kreditlərinin artım tempi 11 faiz olub. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53 faizdən böyük hissəsini əhatə edir. Kreditlərin dollarlaşma əmsalı isə 15,2 faiz təşkil etməkdədir, bu da ötən eyni dövrü ilə müqayisədə 3,5 faiz bəndi azdır”, - deyə ABA prezidenti vurğulayıb.
Zakir Nuriyev onu da əlavə edib ki, cari il aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1,7 faiz təşkil edir: “Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3,9 faiz artaraq, 36,7 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14,5 milyard manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur. Daha ürəkaçan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 9,1 milyard manatı ötüb ki, bu da illik müqayisədə 23,2 faiz artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabına olub: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli) əmanətçilərin həcmi 7,5 faiz və ya 11 min 337 nəfər artaraq 161 min 856 nəfərə çatıb. Depozitlərin manatlaşma əmsalı 41,7 faiz olsa da, fiziki şəxslərdə bu hədd 33,7 faiz təşkil edir”.