AZ

CARCAS və “Melo Dora” MMC aqrar sahədə əməkdaşlığa dair memorandum imzalayıblar

Bakıda Xəzəryanı Regionu Aqrar Tədqiqatlar Mərkəzi (CARCAS) ilə “Melo Dora” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

"Report" xəbər verir ki, sənəd kənd təsərrüfatının müasir istiqamətlərdə inkişafı, yerli ting istehsalının genişləndirilməsi, aqrotexniki xidmətlərin göstərilməsi və davamlı aqrobiznes modellərinin tətbiqi üzrə tərəfdaşlığın əsaslarını müəyyən edir.

Əməkdaşlıq yüksək keyfiyyətli tinglərlə təminat, bağların salınması və aqrotexniki müşayiət, birgə istehsal və tədris təşəbbüslərinin həyata keçirilməsini əhatə edir. Memorandum çərçivəsində kənd təsərrüfatı sahəsində süni intellektə əsaslanan proqramların işlənib hazırlanması ilə bağlı razılıq əldə olunub. Bu proqramlar məhsuldarlığın proqnozlaşdırılması, torpaq və bitkilərin vəziyyətinin monitorinqi, eləcə də aqrotexnoloji proseslərin idarə edilməsi sahələrini əhatə edəcək.

Əməkdaşlığın mühüm hissəsi kimi Kənd Təsərrüfatı Akademiyasının yaradılması nəzərdə tutulur. Akademiya CARCAS Mərkəzi və “Melo Dora”nın birgə təşəbbüsü ilə təsis ediləcək. Akademiyanın məqsədi aqronomların və gənc mütəxəssislərin hazırlanması, qabaqcıl təcrübələrin və innovasiyaların yayılmasıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İnstitutları ilə sıx əməkdaşlıq planlaşdırılır.

CARCAS Müşahidə Şurasının sədri Rifat Sultan-zadə tədbirdə qeyd edib: "Biz təkcə tərəfdaşlıq deyil, eyni zamanda elmi, istehsalı və texnologiyanı birləşdirən bir ekosistem yaradırıq. Bu əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatını yeni və dayanıqlı inkişaf mərhələsinə çıxaracaq”.

Bağçılıq və emal sahəsində ixtisaslaşan “Melo Dora” isə istehsal proseslərinin rəqəmsallaşdırılması və lokallaşdırılması da daxil olmaqla uzunmüddətli təşəbbüslərə sərmayə yatırmağa hazır olduğunu bildirib.

CARCAS öz növbəsində təsdiq edib ki, onun missiyası - elmi mühit, istehsalçılar və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraq kənd təsərrüfatının səmərəli və müasir inkişafını təmin etməkdir.

Seçilən
35
48
report.az

10Mənbələr