AZ

Yelena Baxmutova: “Xəzər və Mərkəzi Asiya regionu rəqəmsal maliyyənin mərkəzinə çevrilə bilər”

Transsərhəd innovasiya habları kimi birgə təşəbbüslər, həmçinin Azərbaycan və Qazaxıstan Mərkəzi bankları ilə özəl sektor arasında açıq dialoq Xəzər və Mərkəzi Asiya regionunun dinamik rəqəmsal maliyyə mərkəzinə çevirə bilər.

“Report”un məlumatına görə, bunu Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova Bakıda keçirilən “Fintex Summit 2025” maliyyə və texnologiyalar sərgisində bildirib.

"Ölkələrimizi təkcə coğrafiya deyil, həm də innovasiya, dayanıqlılıq və tərəfdaşlıq ruhu birləşdirir. Biz Şərqlə Qərbin, ənənələrlə texnologiyaların kəsişməsində yerləşirik. Bu gün fintex iqtisadiyyatlarımızın transformasiyasının ən güclü hərəkətverici qüvvələrindən biridir", - Y.Baxmutova qeyd edib.

O vurğulayıb ki, Qazaxıstan da Azərbaycan kimi fintexi maliyyə əlçatanlığının genişləndirilməsi, gündəlik əməliyyatların sadələşdirilməsi, dövlət və özəl sektorlarda şəffaflığın artırılması üçün alət hesab edir.

"Qazaxıstanın təcrübəsi Azərbaycanda və bütün regionda baş verən eyni prosesləri əks etdirir. Maliyyə texnologiyaları təkcə inkişafı sürətləndirmir, həm də insanlara yeni imkanlar açır", - sədr qeyd edib.

Y. Baxmutovanın sözlərinə görə, dövlət və fintex ekosistemi arasındakı sinerji innovasiyalara töhfə verir, eyni zamanda sabitliyi təmin edir və sistemə etimadı gücləndirir.

"Rəqəmsal maliyyənin növbəti dalğasını araşdırarkən yadda saxlamaq vacibdir ki, innovasiyaların məqsədi sadəcə texnoloji yenilik deyil, real effektdir. İstər rəqəmsal platformalar, transsərhəd ödənişlər və ya mərkəzsizləşdirilmiş texnologiyalar olsun - diqqətimiz real ehtiyaclar üçün real həllər yaratmağa fokuslanmalıdır", - o vurğulayıb.

Bununla yanaşı, Y.Baxmutova qeyd edib ki, hər bir ölkənin mədəniyyət, normativ mühit, infrastruktur və istehlakçı davranışı ilə müəyyən edilən öz rəqəmsal inkişaf yolu var.

"Fintex universal model deyil. Lakin bizim maliyyə xidmətlərinin əlçatanlığını, səmərəliliyi artırmaq və etimadı gücləndirmək kimi ümumi məqsədimiz var", - Şura sədri əlavə edib.

Seçilən
23
report.az

1Mənbələr