Fransada qeyd olunan “Fête de la Musique” (Musiqi Festivalı) tədbirləri zamanı dəhşətli hadisə baş verib. Ölkə üzrə 145 qadın konsert və küçə tədbirləri zamanı iynələrlə hücuma məruz qaldıqlarını bildirərək polisə müraciət edib. Zərərçəkənlərin 14-20 yaş arasında olduğu açıqlanıb.
Hadisənin baş verdiyi şəhərlərdən biri olan Metz şəhərinin meri Fransua Qrosdidierin verdiyi məlumata görə, ilk hücum saat 21:15 radələrində Rue du Palais adlanan küçədə baş verib. Bildirilib ki, gecə boyu 17 gənc qadın eyni şəkildə iynələrlə hücuma məruz qalıb.
Hücuma məruz qalan qadınlardan bəziləri başgicəllənmə, ürəkbulanma və huşunu itirmə şikayətləri ilə xəstəxanaya aparılıb. İynələrin mahiyyəti hələlik məlum deyil. Mütəxəssislər şprislərin tərkibində zərərli kimyəvi maddələr ola biləcəyi barədə xəbərdarlıq ediblər.
***
Hücumlardan sonra polis şəhərin mərkəzində genişmiqyaslı araşdırmaya başlayıb. Rue Serpenoise küçəsində kamera görüntülərinin köməyi ilə şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Eyni axşam ikinci şəxs də tutulub. Lakin saxlanılanlardan birinin tibbi səbəblərə görə evə buraxıldığı bildirilib. Şübhəlilərin üzərində hər hansı iynə və ya narkotik maddə aşkar edilməyib.
Hadisə ilə bağlı araşdırma Metz məhkəmə polis bölməsinə verilib. Prokurorluq bütün zərərçəkənlərin xəstəxanaya aparıldığını və qan analizlərinin verildiyini açıqlayıb. Bu testlərin məqsədi təcavüzkarların mümkün bir maddəni yeritdiyini müəyyən etməkdir.
Sosial mediada qadınlara qarşı çağırış!
Hücumların təşkil oluna biləcəyi ilə bağlı narahatlıq doğuran digər bir detal isə əvvəlcədən sosial mediada paylaşılan mesajlardır. Hücumlardan əvvəl sosial şəbəkələrdə bəzi istifadəçilər Musiqi Festivalı gecəsində qadınlara iynə ilə hücum etməyə çağıran məzmun paylaşmışdılar. Bu çərçivədə indiyədək Fransada daha 12 nəfər saxlanılıb.
Bütün ölkədə 145 hal baş verib
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, oxşar hallar Paris, Tuluza və Kan kimi şəhərlərdə də qeydə alınıb. Ölkədə indiyədək 145 nəfər inyeksiya qurbanı kimi xəstəxanalara müraciət edib.
Mütəxəssislər xüsusilə izdihamlı tədbirlərdə bu cür hücumlara qarşı diqqətli olmağı, şübhəli hallar barədə dərhal təhlükəsizlik qüvvələrinə məlumat verməyi tövsiyə edir. İynə ilə hücuma məruz qalan insanların vaxt itirmədən xəstəxanaya müraciət etməsi böyük əhəmiyyət kəsb edir.
Digər tərəfdən, ölkə daxilində musiqi tədbirlərində baş verən şiddət hadisələrində bir çox mağaza talan edilib. 13-ü polis olmaqla, 1500-dən çox insan yaralanıb. Ən azı 371 nəfər saxlanılıb.