İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
XX əsri kosmos, XXI əsri rəqəmsal inkişaf və süni intellekt əsri hesab edənlər yanılmırdı. Sümi intellektlə hətta ölüləri də “dirildirlər”. Amma nə sirdirsə, bank kartlarından oğurluqların, bəzən dövlət qurumlarının veb-saytlarına kiberhücumların qarşısını almaq mümkün olmur. Azərbaycan Daxili İşlər Nazirliyi ötən həftə sonu vətəndaşların bank kartlarından edilən oğurluqların həcmini açıqlayıb. DİN-in yaydığı məlumatda qeyd edilir ki, bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır: “Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır. Məlumata görə, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz. DİN vətəndaşları bir daha xəbərdar edir ki, naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın, heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”. Məlumatda qeyd edilir ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Xatırladaq ki, bir neçə gün öncə “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə panel müzakirəsi zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov qeyd etmişdi ki, Azərbaycanda ən çox rast gəlinən kibercinayətlər vətəndaşlara istiqamətlənmiş cinayətlərdir. “Oğurlanmış vəsaitlər təkcə kiminsə pul əldə etməsi deyil, həm də kibercinayətkarlığın başqa yolları üçün də əldə edilir. Azərbaycanda hansısa kiberhücumun konkret bir növü var desək, düz olmaz. Biz Xidmət olaraq dövlət qurumlarına istiqamətlənən hücumları analiz edəndə müxtəlif növ hücumların olduğunu görürük. Bunlar fişinqlər, zərərvericilərin göndərilməsi, kibercasusluq və digər hücumlardır”, - deyə o bildirib. Əlbəttə, dövlət qurumlarına istiqamətlənmiş kiberhücumlar ciddi təhlükədən xəbər verir. Ölkəmizdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) fəaliyyət göstərir. Bu, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan xüsusi xidmət orqanıdır. Azərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılıb. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir. İnformasiya və kommunikasiya texnologiyalarının hazırkı inkişaf səviyyəsi kiberdələduzlara nə qədər “geniş imkan” açırsa, deməli, bunun qarşısını almaq üçün aidiyyəti orqanların fəaliyyəti də bir o qədər genişdir və ya genişləndirilə bilər. Bu sahədə hansı yeniliklər var, nə kimi işlər görülür?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatında bildirilir ki, dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır. Qeyd edilib ki, Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində dövlət qurumlarında süni intellekt texnologiyalarının tətbiqi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sistemli hazırlıq işləri həyata keçirilir. Bu çərçivədə Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt” təlim proqramı təşkil olunub. Onlayn və əyani formatda keçirilən təlimlər çərçivəsində iştirakçılar süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə ediblər. Təlim iştirakçılarına süni intellekt həllərinin hazırlanması və real dünyada tətbiqi barədə geniş məlumat verilib. İRİA-nın Data idarəolunması departamentinin müdiri Kamran Ağayevin iştirak etdiyi təlim prosesində dövlət qurumlarının nümayəndələri ilə süni intellektin tətbiqi üzrə növbəti pilot layihələrin icrası barədə müzakirələr aparılıb. Məlumatların keyfiyyəti, etik məsələlər və dövlət idarəçiliyində süni intellektin inteqrasiyası üçün lazımi texniki və institusional infrastruktur məsələləri diqqət mərkəzində olub. Dövlət qurumları ilə növbəti mərhələdə həyata keçiriləcək süni intellekt əsaslı analitik sistemlər, qərar dəstək mexanizmləri və avtomatlaşdırılmış xidmət modelləri üzrə əməkdaşlıq planı da formalaşdırılıb. Bu təşəbbüsün məqsədi dövlət qurumlarında süni intellekt layihələrinin planlaşdırılması və icrası üçün zəruri bilik və bacarıqların formalaşdırılmasını təmin etməkdir.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Elektron Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik sektorunda yeni rol almasını müsbət qiymətləndirib:

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti dövlət qurumlarının rəhbər nümayəndələri üçün nəzərdə tutulan “Rəhbərlər üçün kibertəhlükəsizlik seminarı” təşkil edib. Bunu çox maraqlı və vacib tədbir hesab edirəm. Adətən dövlət qurumları üçün bu tip tədbirləri indiyədək XRİTDX təşkil edirdi. Yəni belə bir vəzifənin icrası əsasən XRİTDX-yə aid sənədlərdə qeyd edilib. 2018-ci ilədək ETX Əsasnaməsində kiber sahə üzrə əsasən qeyri-dövlət sektorunda aparılacaq işlər nəzərdə tutulurdu. Sonradan bu siyahıya "dövlət qurumları" adı əlavə olunsa da , ETX adətən bu istiqamətdə tədbirlər keçirmirdi. Güman ki, ETX ötən ay “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”yə edilən dəyişikliklərdən sonra bu tip tədbirlərə start verib. Xatırladım ki, ötən ay Prezidentin Fərmanı ilə nazir Rəşad Nəbiyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri təyin edilib. Bu komissiya kiber eko-sistemdə fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katibliyin işinin təşkili isə Elektron Təhlükəsizlik Xidmətinə həvalə olunub. Əvvəllər isə həm Komissiyaya, həm də Katibliyə XRİTDX rəhbərlik edirdi. İstənilən halda, düşünürəm ki, ETX-nin əlaqədar qurumlarla birgə kiber sahədə maarifçilik istiqamətində atdığı addımlar faydalıdır. Bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsi doğru olardı.