BAKI, 24 iyun. TELEQRAF
ABŞ iyunun 22-də İranın əsas nüvə obyektlərinə hücum zamanı İsfahandakı nüvə reaktorlarını vurmaqdan bilərəkdən yayınıb. Zərbələr bir sıra obyektləri məhv etsə də, tədqiqat reaktorlarına zərər dəyməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Salamat qalanlar arasında yüksək zənginləşdirilmiş uranla işləyən, bəziləri Çin istehsalı olan üç miniatür reaktor da var. Onlardan birində 900 qram uran var. Rəsmilər ABŞ-nin zərbələrinin bu mühüm obyektləri məhv etməmək üçün diqqətlə planlaşdırıldığını təsdiqləyib.
İsfahana, eləcə də Natanz və Fordodakı yeraltı obyektlərə zərbələr supergüclü GBU-57 bombalarından istifadə etməklə B-2 bombardmançıları tərəfindən həyata keçirilib. Amma ABŞ ordusu radioaktiv çirklənməyə səbəb ola biləcək hərəkətlərdən çəkinib.
Nəşrin fikrincə, bu, strateji çəkindirmə əlamətidir: ABŞ birbaşa reaktorları vurmaq kimi qırmızı xətti keçmədən İranın nüvə imkanlarını məhv etməyə çalışır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xəbərdarlıq edib ki, Buşehrdəki kimi işləyən reaktorun vurulması çox yüksək radioaktivliyin yayılmasına səbəb olacaq.
Xatırladaq ki, iyunun 22-də ABŞ təyyarələri İranın nüvə obyektlərinə hücum edib. Bundan sonra Ağ Ev Tehranı nüvə proqramını dayandırmaq üçün danışıqlara qayıtmağa çağırıb. Ertəsi gün İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına raket zərbəsi endirib. Tramp hücumun zəif olduğunu deyərək, İran və İsraili gərginliyi azaltmağa çağırıb. ABŞ Prezidenti iyunun 24-də İsrail və İranın atəşkəsə razılaşdığını və anlaşmanın qüvvəyə mindiyini bəyan edib.