AZ

Qida normaları ilə bağlı dəyişiklik nələr vəd edir?

BAKI, 24 iyun. TELEQRAF

Tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılır.

Sözügedən məsələ Milli Məclisin ötən həftəki iclasında müzakirəyə çıxarılan "Yaşayış minimumu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Bu islahatın səbəbləri nələrdir, yeni dəyişikliklər nə vəd edir? Yeni qida normaları necə müəyyənləşdiriləcək, qidaların keyfiyyətinə nəzarət necə həyata keçiriləcək?

Teleqraf bu mövzuda araşdırma hazırlayıb.

1994-cü ilin normalarına indiyə qədər əsaslı dəyişiklik edilməyib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev mövzu ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, bu islahatlar nəticəsində dövlət təhsil, tibb, sosial müdafiə müəssisələrində yaşayan, müalicə alan, təhsil alan şəxslərin qida rasionu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada həyata keçiriləcək.

"Ümumiyyətlə “Yaşayış minimumu haqqında" qanuna edilən dəyişikliyin mahiyyəti sözügedən müəssisələrdə yaşayan, müalicə alan, təhsil alan şəxslərin qida rasionuyla bağlıdır. Belə ki, qanuna görə, hər üç ildənbir yaşayış minimumuna daxil olan minimum ehtiyat səbətinin tərkibi müəyyənləşdirilir. Yəni, o insanlara hansı qidalardan nə qədər verilməlidir. Bu da sanitar-gigiyenik normalara uyğun müəyyənləşdirilir.

Bu normalar 1994-cü ildə hazırlanıb. Ondan sonra əsaslı bir dəyişiklik edilməyib. O dövrdən keçən müddət ərzində insanlarımızın istehlak etdiyi qida çeşidləri dəyişib, yeni qidalar əlavə edilib. Həmçinin o dövrlərdə istifadə edilən bəzi qida maddələri artıq istifadə olunmur. Yaxud da miqdarında dəyişiklik edilib. Bütün bunlar nəzərə alınmalıdır ki, həmin müəssisələrdəki insanların qidası fizioloji normalara uyğun olsun.

Artıq yeni normaların müəyyənləşdirilməsi üçün "Yaşayış minimumu haqqında" qanuna yeni bir müddəa əlavə olunur".

M.Quliyevin sözlərinə görə, bu müəssisələrdəki şəxslərin qidalanması dövlət büdcəsindən maliyyələşdirildiyi üçün ayrılacaq vəsaitin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Sosial müəssisələrdə qidalanma qida təhlükəsizliyi, elmi əsaslı menyu planlaması, insanların yaşına və sağlamlıq durumuna uyğun pəhriz prinsiplərinə əsaslanmalıdır.

Yeni normaların hazırlanması məqsədilə işçi qrupu yaradılıb

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə sualımıza cavab olaraq bildirildi ki, yeni normaların hazırlanması məqsədilə agentlik tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb.

Bildirilib ki, layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb.

“Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib.

Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcək. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək”.

Yaş, sağlamlıq vəziyyətinə uyğun qida planı hazırlanmalıdır

Bəs yeni normaların hazırlanmasında qidalanma ilə bağlı nələri diqqətə almaq lazımdır?

Qida mühəndisi, sağlam qidalanma üzrə ekspert Fərid Səfərov hesab edir ki, sosial müəssisələrdə — xəstəxanalar, bağçalar, qocalar evləri, məktəblər və s. — qidalanma həm insanların fizioloji ehtiyaclarını, həm də sağlamlıq və təhlükəsizlik standartlarını qarşılamalıdır.

“İlk növbədə, insanların yaş, sağlamlıq vəziyyətinə uyğun qida planı hazırlanmalıdır. Eyni zamanda, gigiyena və təhlükəsizliyə, yəni qidanın hazırlanması, saxlanması və paylanmasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Çeşidlilik və balans qorunmalıdır, menyunun monoton olmaması, qida qruplarının balansı (zülal, karbohidrat, yağ, vitamin, mineral, lif) tənzimlənməlidir”.

Qida eksperti ayrı-ayrı müəssisələrdə qidalanma ilə bağlı da normaları nəzərə çatdırır:

“Bağçalarda enerji və qida maddələri baxımından zəngin, inkişaf dövrünə uyğun qidalanma təşkil edilməlidir.

Xəstəxanalarda müalicəvi pəhrizlərə uyğun (diabet, hipertoniya, əməliyyatdan sonra pəhriz və s.), həzmi asan, iltihab və ya allergiya riskini artırmayan qidalar verilməlidir.

Sosial evlərdə (qocalar evləri) isə vitamin, minerallarla zəngin, yüngül və balanslı qidalanma olmalıdır.

Bəs qida seçimində nəyə diqqət edilməlidir?

F.Səfərov qeyd edir ki, qida seçimində təzə və mövsümi məhsullar istifadə edilməli, duz, şəkər və trans yağlar azaldılmalı, allergiya və xüsusi pəhriz tələbləri nəzərə alınmalı, yeməyin görünüş və dad baxımından cəlbedici olmasına — xüsusən də uşaqlar və xəstələr üçün – önəm verilməlidir.

“Qidalanmanın təşkilində, yeməklərin hazırlanmasında taxıl məhsulları, meyvələr, ağ ət, balıq, paxlalılar, süd və süd məhsulları, yüngül yağlardan istifadə edilməlidir.

Bu qaydalara əməl etməklə həm sağlamlığın qorunması, həm də sosial müəssisələrdəki şəxslərin həyat keyfiyyətinin artırılması təmin olunur”.

15 pəhriz masası

Xəstəxanalarda qidalanma necə təşkil edilir?

TƏBİB-dən mövzu ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, tibb müəssisələrində qidalanma 2023-cü ildə təsdiq edilən “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat”a əsasən icra olunur. Təlimat mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB Nizamnaməsinə uyğun olaraq hazırlanıb.

“Tibb müəssisələrində qidalar pəhriz masalarına uyğun olaraq təqdim edilir. Ümumilikdə 15 pəhriz masası var. Pəhriz masaları tərtib olunarkən müəssisədə müalicə alan pasiyentlərin xəstəliklərinə, cərrahi əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə, reanimasiya vəziyyətinə, pediatriya şöbəsində müalicə alan uşaqlara, xroniki xəstəlikləri olanlara (kardioloji, qastroenteroloji, nefroloji, endokrinoloji və s.) diqqət yetirilir. Bununla yanaşı, ərzaqların keyfiyyətlilik dərəcəsi, bişmə texnologiyası, sanitar və gigiyena qaydalarına riayət edilir. Hər bir xəstəyə individual yanaşılır və kliniki vəziyyətinə uyğun olaraq fərdi menyular hazırlanır.

Qidalanmada sutkalıq təminat normaları ərzaq məhsullarının enerji dəyərinə görə bölünür: dörd dəfəli qidalanmada – səhər yeməyi üçün – 25-30%, nahar üçün – 35-40%, şam üçün – 20-25%, 2-ci şam yeməyi-5-10%; beş dəfəli qidalanma 1-ci variant – səhər yeməyi üçün – 20-25%, ara yeməyi – 10-15%, nahar üçün – 30%, şam üçün – 20-25%, ara yeməkləri üçün – 5-10%. 2-ci variant – səhər yeməyi üçün – 25%, nahar üçün – 35%, ara yeməyi - 10%, şam üçün – 20-25%, ara yeməkləri üçün – 5-10%; altı dəfəli qidalanma – səhər yeməyi üçün – 20-25%, ara yeməyi – 10-15%, nahar üçün – 25-30%, ara yeməkləri üçün – 5-10%, şam üçün – 20%, ara yeməkləri üçün – 5-10% təşkil edir.

Qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır: səhər yeməyi – 08:00–09:00, birinci ara yemək – 11.00, nahar yeməyi 13:00–15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00–20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər.

Böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınmasına diqqət yetirilir”.

Qidaların keyfiyyətinə nəzarət necə təşkil edilir?

TƏBİB-dən sualımıza cavab olaraq bildirildi ki, qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədi ilə səhər, nahar, şam yeməklərinin hər birindən ən azı 250 qr. çəkidə şahid nümunələr götürülür və 72 saatdan az olmayaraq soyuducuda saxlanılır. Nümunə götürülən qabların üzərinə yeməkləri bişirən aşpazın adı və imzası, yeməklərin adı və bişirilmə tarixi qeyd olunur.

Bəs yeməklərdə hər hansı bir nöqsan aşkarlandığı halda hansı tədbirlər görülür?

TƏBİB deyir ki, yeməklərin keyfiyyətində insan sağlamlığına mənfi təsir göstərən hər hansı bir nöqsan aşkar edilərsə, yeməklərin xəstələrə paylanılması həyata keçirilmir və aidiyyəti üzrə rəhbərliyə məlumat verilir. Müvafiq qanunauyğun tədbirlər görülür.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə xəstələrin qidalanması “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 nömrəli qərarına əsasən həyata keçirilir.

Nazirlikdən sualımıza cavab olaraq bildirildi ki, xəstələrin yaş qrupu, xəstəliyin növü və klinik vəziyyəti nəzərə alınmaqla, onlara uyğunlaşdırılmış qida rasionları təyin olunur. Xüsusilə şəkərli diabet, böyrək çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri və digər xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün xüsusi tibbi göstərişlərə əsaslanan fərdi pəhriz qidalanma proqramları tətbiq edilir.

Bəs sosial müəssisələrdəki insanların qidalanması necə təşkil edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən sualımıza cavab olaraq bildirildi ki, agentliyin tabeliyindəki müəssisələrdə yaşayan sakinlərin qidalanması gündəlik qida normalarına uyğun olaraq həyata keçirilir. Müəssisələrin sakinləri keytrinq xidməti tərəfindən gündə 3 dəfə hazır və keyfiyyətli qida ilə təmin olunurlar.

“Qida norması Nazirlər Kabinetinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" qərarına uyğun olaraq tərtib edilir. Müəssisələrin tibb heyəti tərəfindən menyuya nəzarət edilir”.

Seçilən
15
teleqraf.com

1Mənbələr