Şəki Apellyasiya Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Uğur Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Ona 2 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.
İttihama görə, Uğur Quliyev 17 mart 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində “A+CO” ASC-nin Göyçay filialının Ağdaş bölgəsinin satış üzrə nümayəndəsi vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində şirkətin 17 901 manat məbləğində pulunu mənimsəyib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Uğur Quliyev 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalından həbsə alınmışdı.
Kamal Məmmədov