ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ekoloqlar xəbərdarlıq edir ki, Abşeron küləyi də bacarmır. Beton Bakını sərinlətmək mümkün deyil!
İstilər başlayır və yavaş-yavaş ölkəmizə tərəf gəlir. Qardaş Türkiyədə iyunun son həftəsində havanın temperaturunun mövsümi normadan artıq olacağı gözlənilir. İstanbulda çərşənbə günü havanın temperaturunun 35 dərəcəyə çatacağı bildirilir. Meteorologiya Departamentinin son xəbərdarlığında temperaturun hər gün artacağı bildirilib. Gələn həftə İstanbulda yeni isti dalğası gözlənilir. Meteorologiya Ümumi Müdirliyinin təxminlərinə görə, önümüzdəki həftə ərzində havanın temperaturu yüksələcək. Meteorologiya İdarəsi İstanbul üçün havanın temperaturunun hər gün artacağı ilə bağlı xəbərdarlıq edib. İstanbul həftəyə 29 dərəcə ilə başlayacaq, hərarətlər günü-gündən artacaq və çərşənbə günü mövsümün ilk ciddi istilik səviyyəsi olan 35 dərəcəyə çatacaq. Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozları mütəxəssisi Cengiz Çelik həftəlik hava proqnozu haqqında məlumat verib. Son qiymətləndirmələrə görə, yağışlı və sərin sistemin təsirini itirəcəyini bildirən Çelik, çərşənbə axşamı qərbdən başlayaraq temperaturların sürətlə artacağının gözlənildiyini ifadə etdi. Cengiz Çelik, "Havanın mövsüm normalarından 6-9 dərəcə yuxarı qalxacağını gözləyirik. Bu temperatur artımından xüsusilə qərb və cənub bölgələri təsirlənəcək" dedi. Çelik İstanbulda temperaturun 35 dərəcəyə yüksələcəyini, 3 gün ərzində yağıntının gözlənilməyəcəyini və açıq havanın hökm sürəcəyini bildirib. Cengiz Çelik vətəndaşlara günorta saatlarında küçəyə çıxmamaq, çölə çıxmaq məcburiyyətində olanların isə gün eynəyi və açıq rəngli paltar geyinmələri barədə xəbərdarlıq edib.
Bəs, ölkəmizdə bu yay necə keçəcək? Nəzərə alaq ki, astronomik yay fəsli başlayıb artıq. Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, isti hava axınlarının ölkəmizə nə zaman daxil olacağını proqnozlaşdırmaq hələ ki çətindir:
- İyun ayı bizi yormadı. Bəzi günlər istisna olmaqla havalar mülayim, küləkli, yağışlı keçdi. Amma bu da məlumdur ki, Azərbaycanda yayın ən isti, qızmar günləri avqustda olur. Avqusta el arasında “qora bişirən ay” deyilir. Amma avqustda da kəskin istilər davamlı deyil, fasilələrlə olur. Bakı və Abşeron yarımadası küləklərə açıq ərazidir. Bir neçə gün istilər davam edir, sonra təkrar küləkli günlər onu əvəzləyir. İyul-avqust ayları ölkəmizdə ən yüksək temperatur olan aylardır. İstilik ən yüksək həddə də qalxa bilir. Yenə də əvvəlcədən demək olmaz, bu yay kəskin istilərlə keçəcək, ya yox. İsti havalar olacaq, amma əvvəlki kimi kəskin və fasiləsiz olmayacaq. Çünki küləkli günlərin daha çox olacağı indidən hiss edilir.
Ekoloq qeyd etdi ki, istilərin dözülməz həddə çatması şəhərdəki sıxlıq və yaşıllıqların azalmasıyla da bağlıdır:
- Şəhərdə hədsiz sıxlıqdır. Ötən illərdə yay aylarında Bakı xeyli boşalırdı. Əhali bölgələrə axın edirdi. Bakı camaatı bağlara çəkilirdi. Şəhər boşalırdı. Küçələrdə avtomobillər də az-az gözə dəyirdi. Artıq neçə ildir ki, yay aylarında şəhər boşalmır. Regionlardan gələnlər yenə də paytaxtda qalır, çörək pulu qazanırlar. Avtomobillər də o qədər çoxalıb ki, hər nə qədər məzuniyyət dövrü olsa da, yenə də avtomobillər çoxdur, bu da atmosferə əlavə istilik yayır. Bakı camaatının bağlara getmək imkanı da əvvəlki kimi daha yoxdur. Yəni Bakı ilin digər vaxtlarında necədirsə, yay aylarında da o cür dolu olaraq qalır. Şəhərdə tikililər çox artıb, əhali sayı da artıb, sıxlıqdır. Binalar bir-birinə dəhşətli dərəcədə sıx tikilib. Heç Abşeron küləyi də havanı soyudub sərinlik gətirə bilmir, çünki serkulyasiya imkanı sıfıra düşüb. Ağaclar qırılır, bu da havanın sərinliyini azaldır. Ona görə də hətta adi yay havası – 30-35 dərəcə temperaturda da nəfəs almaq çətinləşir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.