AZ

Fordoya B-2 zərbəsindən əvvəl AEBA və Makron Trampa həqiqəti demişdilər...


Sədrəddin Soltan: "Əgər İranın əvvəlcədən hazırlanmış nüvə silahı varsa, bu, Tehran hakimiyyəti üçün beynəlxalq sanksiyaların güclənməsinə səbəb ola bilər"

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ-ın hava hücumlarından sonra İranın əsas nüvə obyektlərindən kənarda radiasiya səviyyələrində heç bir artım aşkar etmədiyini təsdiqləyib.

“İrandakı üç nüvə obyektinə edilən hücumlardan sonra agentlik təsdiq edə bilər ki, hazırda obyektlərdən kənarda fon radiasiyasında heç bir artım olmayıb”, - X sosial şəbəkəsində AEBA-nın rəsmi səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Fransa Prezidenti Emmanuel Makron zərbələrdən əvvəl deyib ki, İranın nüvə proqramı təhdiddir və bu məsələdə yumşaqlığa yer yoxdur, ancaq heç kim bu təhdidin hazırda davam edən hərbi əməliyyatlarla cavablandırıla biləcəyini ciddi şəkildə düşünə bilməz.

Makron qeyd edib ki, İranda çox yaxşı qorunan obyektlər var: “Bu gün heç kim 60% zənginləşdirilmiş uranın harada olduğunu deyə bilməz. Texniki ekspertiza və danışıqlar yolu ilə bu proqrama nəzarəti bərpa etmək lazımdır. Enerji infrastrukturuna və mülki hədəflərə hücumlar, haradan gəlməsindən asılı olmayaraq, qəbuledilməzdir”.

AEBA-in bəyanatı onu göstərir ki, vurulan nüvə obyektlərində zənginləşdirilmiş uran olmayıb. Makron da İranın nüvə obyektlərinin vurulmasını çıxış yolu saymırdı. Bütün bunlar ABŞ üçün məsuliyyət yaradacaqmı ki, düzgün hesablamadan addımlar atıblar, boş yerə İranin nüvə obyektlərini bombalayıblar?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, bu məlumatları İran rəsmiləri də təsdiqləyir - zənginləşdirilmiş uran ABŞ-ın hücumuna məruz qalmış obyektlərdə olmayıb: "Zənginləşdirilmiş uranı İran İsrail və ABŞ-ın hücumlarından əvvəl nüvə obyektlərindən başqa yerə daşıyıb. Bunu iki mənada dəyərləndirmək olar. ABŞ həmin zənginləşdirilmiş uranı zərərsizləşdirmək və ya ələ keçirmək üçün İranda yeni əməliyyatlar həyata keçirə bilər. Digər tərəfdən isə, Tehran hakimiyyəti beynəlxalq ictimaiyyətə nüvə proqramının şəffaflığına dair yalan məlumatlar verdiyini isbatlayır. Yəni İran uranın zənginləşdirilməsi ilə bağlı təsdiq edir ki, onun nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edəcəyi barədə verdiyi vədlər yalandır. Bu həm də AEBA müfəttişlərinin aldadılmasının, onlarla şəffaf əməkdaşlıq edilmədiyinin göstəricisi sayıla bilər.

Oxşar hadisəni İran illər öncə də həyata keçirib. Vaxtilə İrana qarşı sanksiyalar tətbiq ediləndə Tehran hakimiyyəti Avropa və dünyanın başqa region ölkələrinin bank hesablarında olan maliyyə vəsaitlərini ölkəyə və ya etibar etdiyi dövlətlərin banklarına köçürməklə perespektivdə onu gözləyən təhlükələrdən xilas olmağa cəhd göstərmişdi. Belə bank əməliyyatları Tehran hakimiyyətinə heç bir fayda gətirmədi. Çünki növbəti mərhələdə İranin milli valyutası aşırı dərəcədə dəyərdən düşdü. Ona görə ki, İran iqtisadiyyatı o həcmdə pulları qəbul etməyə hazır deyildi. Atom-nüvə texnologiyası nəticəsində uranın zənginləşdirilməsi məsələsində də Tehran hakimiyyəti blef etsə də, yaxud həqiqəti desə də, hər iki halda bu açıqlama İranın ziyanınadır. ABŞ isə İranın əsas üç nüvə obyektini vurmaqla qarşıya qoyduğu planı icra etdi. Bu plan Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinin sıradan çıxarılmasından ibarət idi. Bu obyektlərin şıradan çıxarılması həm də İran iqtisadiyyatı üçün çox böyük maliyyə itkusidir. Məsələn, İrana zənginləşdirdiyi 408 kq uranı saxlamaq və ya daşımaq, yaxud yeni texnoloji müəssisə tikmək üçün böyük məbləğdə pul lazımdır. Bu həcmdə vəsait isə İranda yoxdur. Bu halda İranın yeni mühəndis-texniki heyətə ehtiyacı yaranacaq. Belə bir heyət də artıq yoxdur. Bu vəziyyət İrana nüvə silahı istehsal etməyə imkan verməyəcək. Çünki ölkənin bir çox nüvə və hərbi obyektlərinin sıradan çıxarılması əldə edilən uranla nüvə silahı hazırlamağa imkan vermir. Əgər İranın əvvəlcədən hazırlanmış nüvə silahı varsa, bu, Tehran hakimiyyəti üçün beynəlxalq sanksiyaların güclənməsinə səbəb ola bilər. Bu, ABŞ və İsrailə İrana hücum etməkdə haqq qazandırar. Ona görə də İranın uranın zənginləşdirilməsi ilə bağlı açıqlaması, çoxbilmişlik etməsi, Makronu daha çox informasiyaya malik göstərməsi Tehranin xeyrindən daha çox ziyanınadır".

Akif NƏSİRLİ

Seçilən
4
50
baki-xeber.com

10Mənbələr