AZ

Şəmkirdə növbəti hüquqi yardım aksiyası keçirilib

Ölkəmiz müasir, demokratik, hüquqi dövlət kimi fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızda hüquq sisteminin modernləşməsində və inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, həmin problemlər daha çox vətəndaşların həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli gəlir. Xüsusilə hüquqi məsələlərlə əlaqədar müraciətlərin əksəriyyətində bu tendensiya müşahidə edilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəmkir rayonunda Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) dəstəyi ilə təşkil olunan vətəndaşlara növbəti pulsuz hüquqi yardım aksiyası zamanı bildirilib.

Tədbirdə çıxış edən ARVK-nın sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik institutunun inkişafına mühüm təkan verir. Həmin Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra tədbirlər görülür. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində kollegiyanın üzvləri fəal iştirak edirlər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı aksiyaların əhəmiyyətinə toxunub, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan addımların uğurlu nəticələrindən danışıb.

Qeyd edək ki, aksiya zamanı ümumilikdə 50-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Müraciət edənlərə şifahi məsləhət verilməklə yanaşı, bəzi sakinlər üçün müvafiq ərizələr də yazılıb.

Seçilən
8
17
sia.az

10Mənbələr