İş dünyası sürətlə dəyişir və artıq yalnız məhsuldarlıq deyil, insan mərkəzli yanaşma uğurun əsas göstəricilərindən birinə çevirilib. "İş yeri" anlayışı təkcə fiziki ofis məkanı ilə məhdudlaşmır. Bu gün işçilər daha çox çeviklik, dəyər verilmək hissi və balanslı həyat istəyirlər. Əslində, pandemiya dövründə geniş yayılmış uzaqdan və hibrid iş modelləri artıq keçici tendensiya deyil, norma halına gəlib. Gənc nəsil işçilər, xüsusilə Z nəsli öz iş vaxtını daha çevik idarə etmək azadlığı istəyir. Təcrübə göstərir ki, elastik iş rejimi yalnız işçinin rahatlığını deyil, eyni zamanda onun məsuliyyətini və məhsuldarlığını da artırır. Bununla yanaşı, müasir iş yeri rəqəmsal iş alətləri olmadan təsəvvür edilə bilməz. Bulud texnologiyaları, layihə idarəetmə platformaları və gündəlik ünsiyyət vasitələri əməkdaşlıq və nəticəyə fokuslanmanı artırır. Texnologiya düzgün tətbiq olunarsa, həm iş vaxtı optimallaşır, həm də qərarvermə sürətlənir. Burada işçilərin psixoloji rifahı və məmnuniyyətini də unutmaq olmaz. Çünki bütün bunlar birbaşa nəticələrə təsir göstərir. Stresin idarə olunması, işçilərin rəyinin nəzərə alınması, emosional təhlükəsizlik kimi amillər artıq “lüks” deyil, vacib ehtiyaclar sayılır. Etibarlı və şəffaf rəhbərlik modeli, inklüziv mədəniyyət, dəyərə əsaslanan qərarlar – bunlar müasir iş yerində fərq yaradan elementlərdir. İşçilərin motivasiyası isə şərtdir. Bu gün işçilər yalnız maaşla deyil, karyera perspektivi ilə də motivasiya olurlar. Təlim proqramları, mentorluq imkanları, daxili yüksəliş üçün şəffaf mexanizmlər həm fərdi inkişafı stimullaşdırır, həm də şirkətə sadiqliyi artırır. Şirkətlər bu sahədə uğur qazanmaq istəyirsə, dəyişən tələbləri nəzərə almalıdır. Bir biznes konsultantı kimi müşahidələrim göstərir ki, ən uğurlu komandalar yalnız yaxşı idarə olunan yox, həm də dəyər verilən insanlardan ibarət komandalardır.
Azərbaycanda son illərdə böyük şirkətlər və beynəlxalq təşkilatlar müasir iş mühiti prinsiplərini mərhələli şəkildə tətbiq etməyə başlayıblar. Xüsusilə texnologiya, bankçılıq və telekommunikasiya sektorlarında çalışan qurumlar artıq çevik iş modelləri, rəqəmsallaşma və insan yönümlü yanaşmalara keçid edirlər. Belə ki, hibrid və ya uzaqdan iş modelləri tətbiq edən şirkətlər var. Xüsusilə pandemiya sonrası bu tendensiya daha çox yayılıb. Həmçinin korporativ təlim və inkişaf proqramları icra olunur, mədəni müxtəliflik və gender bərabərliyi təşəbbüsləri irəli sürülür, əməkdaşların rifahı üzrə psixoloji dəstək, iş-həyat balansı və sair kimi tədbirlər həyata keçirilir. Lakin bu yanaşmalar hələ də ümumi mənzərədə azlıq təşkil edir, əsasən iri şirkətlərdə və ya xarici kapitala malik müəssisələrdə müşahidə olunur. Kiçik və orta sahibkarlıq subyektlərində isə bu dəyişikliklər çox zəif templə həyata keçirilir və ya ümumiyyətlə gündəmdə deyild. Bu şirkətlər hələ də ənənəvi idarəetmə metoduna əsaslanır. Bir çox yerli şirkətlərdə hələ də "nəzarət və cəza" əsaslı, avtoritar idarəetmə üsulu qalmaqdadır. Bu yanaşma işçidə məsuliyyət deyil, qorxu yaradır və yaradıcılığı boğur. Rəhbərlik səviyyəsində bəzən uzaqdan və ya çevik işə qarşı "nəzarət mümkün deyil" düşüncəsi var. Halbuki bu, texnologiya əsaslı ölçü sistemləri ilə həll olunandır.
Bir çox müəssisədə isə HR departamentləri yalnız sənədləşmə və nizam-intizamla məşğuldur. Lakin müasir yanaşmada HR biznesin strateji tərəfdaşı olmalıdır. Şirkət daxilində ortaq dəyərlər və korporativ etika sistemli şəkildə formalaşmayıbsa, əməkdaşlar aidiyyat hissi yaşamır və onlar iş yerinə sadəcə "gəlir mənbəyi" kimi yanaşırlar. Şirkətlər müasir yanaşmaları tətbiq etmədikcə, işçilərin itkisi və daxili motivasiyanın azalması problemləri ilə üzləşirlər. Xüsusilə gənc, yüksək potensiallı işçilər müasir yanaşmalar tətbiq edən şirkətlərə üz tuturlar. İşçilər özlərini dəyərsiz və idarə olunan hiss etdikdə passivləşirlər, motivasiyaları azalır, bu isə məhsuldarlığa birbaşa təsir edir. Üstəlik, bu, şirkətlərin rəqabət qabiliyyətini azaldır. Müasir iş modellərini tətbiq etməyən şirkətlər bazarda daha çevik və texnoloji rəqiblərlə ayaqlaşmaqda çətinlik çəkirlər.
Bu baxmdan, müasir iş mühiti sadəcə bir trend deyil – bu, effektivliyin, məhsuldar işçi komandasının və davamlı inkişafın əsas təməlidir. Azərbaycanda bu yanaşmaların geniş miqyasda tətbiq olunması üçün şirkətlər idarəetmə yanaşmalarını yeniləməli, insan resursları departamentləri strateji funksiyaya keçid etməli, dövlət və qeyri-dövlət təşkilatları maarifləndirmə və dəstək proqramları həyata keçirməlidirlər. Müasir iş mühiti yalnız xarici şirkətlərin deyil, yerli bizneslərin də reallığı olmalıdır. Gələcəyin uğurlu şirkətləri artıq bu gün insan mərkəzli yanaşmalara keçid edənlər olacaq!
Çinarə Ağayeva, Biznes konsultant