Politoloq Fərhad Mehdiyev Teleqraf-a müsahibəsində İsrail-İran müharibəsi, ABŞ-in müdaxiləsi fonunda yaranacaq situasiyadan danışıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- İsrail-İran qarşıdurması artıq növbəti mərhələyə qədəm qoyub. ABŞ-nin nüvə obyektlərinə zərbəsindən sonra prosesin başa çatdığı iddia edilir. Həqiqətən Təl-əviv və Vaşinqtonun əsas məqsədi başa tutdumu?
- Hələ iş bitməyib. İrana yenidən zərbələr endiriləcək. Növbəti dəfə İranın ballistik raket infrastrukturunu sıradan çıxartmağa çalışacaqlar.
Eyni zamanda İranın parçalanması ilə bağlı addımların atılacağı ehtimal edilir. İranda yaşayan kürdlərin silahlandırılması ilə parçalanmaya aparan yol açmağa çalışacaqlar. Onları tədricən mövcud sistemə qarşı qaldıracaqlar.

- Bunu nə vaxt edəcəklər?
- Əgər ABŞ İrana havadan deyil, qurudan müdaxilə etməyə başlasa, paralel olaraq kürdləri də dövriyyəyə qoşacaqlar. Kürdlərin üsyanını İran hökumət qüvvələrinin yatıra bilməyəcəyinə əmin olduqdan sonra buna rəvac verəcəklər. Artıq demək olar ki, kürdləri silahlandırmağa başlayıblar. Sadəcə vaxtı gözləyirlər.
- Tehran ABŞ-nin hücumunu cavabsız qoymayacağını deyir. İranın körfəz ölkərindəki ABŞ-nin hərbi bazalarına zərbə endirməsi və çoxdan iddia etdikləri Hörmüz boğazının bağlanılması ehtimalı varmı?
- Böyük ehtimalla Hörmüz boğazı bağlanmayacaq. Çünki bu boğazın bağlanması ABŞ-nin İrana müdaxiləsinə səbəb ola bilər. Rəsmi Tehran ABŞ-ın hərbi müdaxiləsini istəmir.

- Türkiyə üçün hansı təhdidlər var?
- Bu qarşıdurmalarda Azərbaycandan çox Türkiyə üçün təhdidlər yarana bilər. Türkiyə Azərbaycanla yaxın müttəfiq dövlətdir. Ölkəmiz hər zaman Türkiyənin milli maraqlarına xidmət edən siyasət həyata keçirib. Eyni siyasəti Türkiyə də Azərbaycana qarşı edir. Bunu Ermənistanla bağlı siyasətdə açıq görmək mümkündür.
Bu xüsusda Şuşa Bəyannaməsi vacib sənəddir. Hər iki dövlətin bəyannamədən irəli gələn öhdəlikləri var.
- Nüvə obyektlərinin vurulması region üçün hansıs tədidlər yarada bilər?
- Sözsüz, nüvə obyektlərinin vurulması region üçün risklər yaradır. Burada nüvə sızma təhlükəsi qaçılmaz ola bilər.
İndiyə qədər İranın Fordo və Natanz nüvə obyektlərinə vurulan zərbələr ciddi nüvə yayılmasına səbəb olmayıb. Natanzda belə bir sızma olmuşdu. Sonradan sızmanın ciddi olmadığı üzə çıxdı. Kosmosdan da onun müşahidəsi aparılıb.
Fordodakı nüvə obyektini isə dəqiq vura bilməyiblər. Çünki orada yeraltı tunellərlə birləşmiş bir obyekt var. Ona görə də onun yerini dəqiqləşdirmək çətin olub.

- İrana hərbi müdaxilənin regiona, xüsusən də Azərbaycana təsiri nədən ibarət ola bilər?
- Amerikanın hazırladığı planla İranın parçalanması baş verərsə, orada azərbaycanlıların yaşadığı ərazilərin bir hissəsini kürdlərə verməyə çalışacaqlar. Bu, birmənalıdır. Ümumiyyətlə, onlar həmin ərazidə Türkiyə ilə sərhəddə dəhliz bölgə yaratmaq iddiasındadırlar. Bunu həmin ərazi ilə Türkiyə arasında birbaşa quru sərhədin olmaması üçün edəcəklər.
- Bacaracaqlarmı?
- Zaman göstərəcək. Amma belə bir iddiaları var. İraqda bunu hamı gördü. Orada türkmənlərin yaşadığı bir çox ərazini Amerika kürdlərin nəzarətinə verdi. Eyni ssenarini burada təkrarlayacaqlar. Yəni, silahlı kürdləri bölgədə hakim qüvvə kimi təqdim edəcəklər. Kürdləri silahlaındırıb, Azərbaycan əsilli şəxsləri isə əli yalın saxlayacaqlar. Onlar arasında müəyyən çaxnaşmalar yaradacaqlar.

- İranda vətəndaş müharibəsi və daxili çaxnaşmalar Azərbaycan üçün hansı çətinliklər vəd edir?
- Azərbaycanın qaçqın dalğası ilə üzləşməsi ehtimalı çoxdur. Sərhədlər bağlı olsa da hümanitar amillərlə üz-üzə qala bilərik.
- Çinin bu məsələdəki gözləmə mövqeyi nə ilə bağlıdır?
- Hələlik bu sualla cavab vermək çətinidr. Bir qədər də gözləmək lazımdır.