İnsan orqanizminin 2/3 hissəsini təşkil edən su artıq molukulyar səviyyədə çirkləndiyindən bioloji strukturun mutasiyaya uğramaq təhlükəsi yaranıb. Ötən əsrin ortalarından başlayaraq sürətlə inkişaf edən texniki proseslər əlçatan su mənbələrini həddən artıq çirklənməyə məruz qoyub. Sənaye tullantıları nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyub. Son vaxtlar bir sıra ölkələrdə kəskin içməli su çatışmazlığının yaranması təhlükənin yaxınlaşdığını xəbər verir. Hazırda dünyada 2 milyarddan çox adam içməyə yararlı olmayan su içir. Yerigəlmişkən isti fəsillərdə içməli suya tələbat daha çox olur.
Bəs Bakıda əhaliyə verilən içməli su nə dərəcədə sağlıqlıdır? Mövzuyla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov REFERANS-ın suallarına açıqlama gətirib. Ekoloq qeyd edib ki, ümumiyyətlə biz içməli dedikdə, ilk növbədə laboratoriya analizindən keçilməyən su nəzərdə tutulur. Həmin suyun isə rəngi yoxdur, xüsusi dadı və iyi yoxdur. Yəni təmiz suda heç bir qoxu, rəng və tam olmur. Belə suya biz keyfiyyətli su deyirik. Əlavə olaraq suda ağır metallar olmamalıdırs. Həmçinin suda artıq minerallar da olmamalıdır. İçməli suda kalsium və maqneziumun ümumi cəmi normada olmalıdır. PH səviyyəsi 6,5 və 7,1 aralığında bəzən isə 6,5 və 8 aralığında yol verilən olur. Yəni nə aşağı olmalıdır nə də yuxarı. Beləliklə belə sulara biz keyfiyyətli, içməli sular deyirik.
Ekoloq onu da vurğulayıb ki, Azərbaycanda sular həmişə xüsusi dövlət ekspertizasından keçir və deməli iri şəhərlərə verilən içməli su verilməmişdən əvvəl çox ciddi laboratoriya təhlillərindən keçirilir sonra isə şəbəkəyə buraxılır. Amma bizdə problem ondan ibarətdir ki, evlərə təmiz halda verilən su yolda yenidən bəzən dəyişmələrə məruz qalır. Xüsusilə suda kalsium və maqnezium ionları artır. Əlbəttə ki, belə suyu biz cod su adlandırırıq. Cod suyun daimi istifadəsi xroniki olaraq insan sağlamlığına ziyan verir. Qısa müddətli istifadə etmək olar,lakin uzunmüddətli olmaz.
Mütəxəssis onu da bildirib ki, belə su içilməmişdən qabaq yaxşı olar ki, ev şəraitində xüsusi olaraq duruldulsun və ən azından qaynadılsın. Vətəndaşlara tövsiyə edərdim ki, suyu ev şəraitində qaynadıb bir qaba töksünlər və bir müddət sonra həmin qabın dibində ağ kütlə yaranırsa, deməli içilən su cod sudur və həmin suyu qaynatdıqdan sonra ağ kütləni kənarlaşdırsınlar suyu sonra içsinlər.
Daha sonra həmsöhbətimiz bildirib ki, minerallarla zəngin olan sular hansı ki, o sular mineral bulaqlardan çıxır. Məsəl olaraq həmin bulaqlar "İsti su", "Badamlı", "Sirab" kimi məşhur mineral bulaqlardır. O suları da daim istifadə etmək olmaz.
"Daimi yaxşı olar ki, vətəndaşlarımız təmiz su içsinlər. Bu gündəlik norma 2 və 2.5 litr miqdarında olmalıdır. Suyu ilıq vəziyyətdə içmək daha xeyrlidir. Soyuq sulardan çəkinmək lazımdır. Yəni çay əvəzinə isti su qəbul etmək daha məqsədə uyğundur",-deyə ekoloq əlavə edib.
Ləman Xalıqova
Referans