Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentarilərə bildirib ki, 2022-ci ildə Azərbaycanın Qarabağda hüquqlarını tanımaqla respublikanı "mühasirədə olan qala"dan suveren dövlətə çevirib". Bu barədə baş nazir 2024-cü il büdcəsinin icrasının təsdiqi ilə bağlı yekun çıxışı zamanı deyib: "Dağlıq Qarabağı necə itirdiyimizlə bağlı çox danışılır. Mən bu məsələ haqqında çox düşünmüşəm və gəldiyim qənaət budur: biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq".Paşinyanın bu fikirləri hakimiyyətini qorumağa yoxsa həqiqəti qəbul edib ictimaiyyəti maarifləndirməyə hesablanıb? Paşinyan Qarabağı ictimai-siyasi gündəmindən çıxarıb Rusiyanın təzyiqindən qorunmağa və Qərbin əlindən möhkəm tutmağa hazırlaşır?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda Paşinyan hökuməti ilə Qarabağ klanı arasında ciddi qarşıdurma var.
Əli Zülfüqaroğlu
“Paşinyanın reytinqinə mənfi təsir etmək istəyən revanşistlər daha çox Qarabağ mövzusu ilə hücuma keçirlər. Paşinyan da əks-arqumentlərlə rəqiblərini hədəf alır. Və Paşinyan dolayısı ilə demək istəyir ki, əgər Ermənistanın cinayətkar rejimləri utopik ideologiyanın diktəsi ilə işğalçılıq siyasəti apararaq, Azərbaycan torpaqlarını işğal etməsəydi, Ermənistan bu günə düşməzdi. Buna görə də qarşılıqlı ittihamlar mütəmadi olaraq səsləndirilir və bundan sonra da davam edəcək”-deyə politoloq qeyd edib.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Paşinyan kilsənin uydurduğu və lobbinin dəstək verdiyi “böyük Ermənistan” uydurmasına qarşı, “real Ermənistan” konsepsiyasını alternativ olaraq ortaya qoyur: “Bu baxımdan Paşinyan bilir ki, real vəziyyəti və əgər qeyri-adekvat siyasət yürüdüləcəyi halda Ermənistanı nəyin gözlədiyini Ermənistan cəmiyyəti anlamalı və fəlakətə sürüklənməkdən xilas olmaları üçün cinayətkar tör-töküntülərin avantürasına getməməlidirlər. Yəni əslində Ermənistanı uçuruma aparan düşüncədən qurtulmaq vacib şərtdir, təbii ki eyni zamanda da çox çətindir”. Rusiyadan uzaqlaşmağa gəlincə
Əli Zülfüqaroğlu əlavə edib ki, Ermənistanın Rusiyadan tamamilə qopması qeyri-mümkündür: “Təbii ki, Paşinyan Fransanın dəstəyi ilə hakimiyyətə gəlib və hazırda Avropa İttifaqından dəstək alır. Amma geosiyasi durum Paşinyanı Rusiyaya yaxınlaşmağa sövq edir. Digər tərəfdən Ermənistanın Rusiyadan ciddi enerji və iqtisadi asılılığı var. Qərbin isə bu istiqamətdə Rusiyanı əvəzləmək imkanları yoxdur. Bu da o deməkdir ki, Paşinyan istəsə belə Rusiyadan uzaqlaşa bilməz”.
Ekspert onu da bildirib ki, Rusiya ümumiyyətlə Ermənistanın birmənalı olaraq Qərbdən uzaqlaşmasına çalışır: “İrəvan isə Ruisiyanın təzyiqlərinə rəğmən Qərblə əməkdaşlığını dayandırmaq niyyətində deyil. Eyni zamanda Rusiyadan uzaqlaşmaqdan və onun strateji maraqlarına zərər verəcək səviyyədə addımlar atmaqdan çəkinir”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.