AZ

Rusiya və ABŞ Ukraynanın taleyini Yaxın Şərqdəki nəticələrə bağlamağa cəhd edir -TƏHLİL

Kreml Ukraynanın tamamilə məhvinə sadiqliyini nümayiş etdirərək, Ukraynanın legitimliyinə, onun suverenliyinə xələl gətirmək üçün hazırlanmış ritorikanın təbliğatını həyata keçirir.
Bu barədə ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 22 iyun tarixli hesabatında bildirilir. 
Bu ritorikalar İsrail-İran hərbi eskalasiyasının davam etdiyi zamanda səslənir. Hadisələrin İsrail və İran müharibəsi ilə əlaqəsi varmı? 

Siyasi təhlilçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Donald Tramp hakimiyyətə ikinci dəfə qayıdışından sonra Rusiya-Ukrayna müharibəsinin Yaxın Şərq konteksti ilə tutuşdurulması məsələsinə baxmaq lazımdır:

"Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ danışıqlarında ABŞ Prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Uitkofun iştirak etməsi xüsusilə fərqli bir təəssürat yaradırdı. Ardınca isə cənab Uitkoff Rusiyaya səfər etdi. Bunlar, Rusiya ilə ABŞ-nin Ukraynadakı müharibənin taleyini Yaxın Şərqdəki perspektiv nəticələrə bağlamaq cəhdləri idi. Rusiya ilə ABŞ-nin Yaxın Şərqdə sövdələşməyə maraqlı olduğu görünsə də, bunun gələcəyi şübhəli görünür. Siyasi şərhçi qeyd edib ki, bu, ehtimalla geosiyasi nəticələrin İsrail-İran müharibəsi fonunda bölüşdürülə bilməməsi ilə əlaqədar şəkildə inkişaf edəcək. Yəni, Rusiya ABŞ-yə Yaxın Şərqdə güzəşt arenası tanımaqla, Vaşinqtondan Ukrayna üzərindən dəstək əlini çəkməsi şərtini irəli sürə bilərdi. Hazırda İranda baş verən hadisələrə bunun arxa fon nəticələri kimi də baxmaq mümkündür. Hərçənd ki, Rusiya İrana qarşı İsrail və ABŞ-in hərbi hücumlarını qınayan, pisləyən bəyanatlara üstünlük verir. Lakin Rusiyanın  ABŞ-yə qarşı İrana hücum nisbətində təhdidləri üstüörtülüdür. Görünür ki, Rusiya bu vasitə ilə ABŞ-dən Ukrayna üzrə kompromis variantlar istəyir”.

Ekspert bildirib ki, əslində Rusiya İran üzrə eskalasiyanın idarəolunacaq səviyyədə qalmasını istəyir:
"İranın münaqişə davam etdiyi zamanda Hörmüz boğazını bağlaması ehtimalının yüksəlməsi Rusiyaya sərf edir. Rusiya Qərbin sanksiyaları altındadır. İndi ona Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün maliyyə motivasiyaları lazımdır. İran Hörmüz boğazını bağlamaq barədə yekun qərar versə,  bu, qlobal neft qiymətlərində əhəmiyyətli artıma səbəb olacaq. Bu, Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirlərində artıma yarda bilər. Hörmüz boğazı bağlansa, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini ortamüddətli perspektivdə maliyyələşdirməyə davam edən bir faktor ola bilər".
Seçilən
6
1
sherg.az

2Mənbələr