AZ

Kərim Rzayev: “Milli hərbi kadrların hazırlanması Ulu Öndər Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində saxladığı məsələ olub”



“Bu gün Azərbaycanın hərbi qüdrətinin durmadan artması ölkəmizdə davamlı olaraq həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini həyata keçirdi. Uzun illərdən bəri bu sahədə həyata keçirilən müdrik siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın getdikcə azaldılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Qeyd edək ki, ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Müstəqilliyin bəyan olunmasından bir aydan da az müddət sonra, 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”

Bu sözləri 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar aia.az-a verdiyi müsahibəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib.

Daha sonra ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan müsahibimiz bildirib ki, bu istiqamətdə hələ sovet dönəmində atılan addımlarla bugünkü silahlı qüvvələrimizin əsası qoyulub: “1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. Təbii ki, SSRİ-nin və kommunist partiyasının rəhbərliyində duran rəhbər vəzifəli şəxslər Azərbaycan əsilli hərbi kadrların yetişməsində maraqlı deyidilər. Buna görə də 1920-1970-ci illəri əhatə edən dövrdə hərbi sahədə Azərbaycanın demək olar ki, heç bir nailiyyəti yox idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Liderimiz qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrəli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. Nəhayət 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. 1999-cu il fevralın 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.”

Fikirlərini davam etdirən komitə sədri bu gün də ordu quruculuğu işinin, Silahlı qüvvələrin modernləşdirilməsinin Azərbaycanda dövlət siyasətinin strateji istiqamətlərində biri olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. 30 illik işğala son qoyuldu. Bundan üç il sonra, 2023-cü ilin sentyabr ayında isə, ölkənin ərazi bütövlüyü və suverenliyi bir günlük antiterror əməliyyatı nəticəsində tam bərpa edildi. Beləliklə, Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında durmağa layiq olduğunu bir daha sübut etdi” – deyə, Kərim Rzayev öz fikirlərini tamamlayıb.



Seçilən
0
1
aia.az

3Mənbələr