AZ

Vergidən yayınan şəbəkə: Qəbz verməyən qızıl mağazaları kim(lər)in himayəsindədir?

Azərbaycanda qızıl mağazalarında həyata keçirilən alış-veriş zamanı müştəriyə satış qəbzi təqdim olunmur. Ödənişlər isə nağd şəkildə həyata keçirilir. Bu hal iqtisadi dövriyyənin qeyri-rəsmi sektorunun genişliyini və nəzarət mexanizmlərinin effektivliyini yenidən gündəmə gətirir. Qızıl satışında şəffaflığın olmaması həm vergi öhdəliklərinin yerinə yetirilməməsi, həm də alıcı hüquqlarının pozulması baxımından müəyyən suallar doğurur. Mövcud qanunvericiliyin tələblərinə baxmayaraq, bunun davam etməsi aidiyyəti qurumların nəzarət imkanlarının nə dərəcədə yetərli olduğunu sorğulamağa əsas verir.

Qızıl kimi yüksək dəyərli məhsulun qeyri-rəsmi dövriyyəsi vergi orqanlarından necə gizlədilir? Bu hal niyə nəzarətsiz qalır və cavabdeh qurumlar buna nədən göz yumur?

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Razi Abasbəyli bildirdi ki, hazırda Azərbaycanın qızıl bazarında müşahidə olunan mənfi hallar artıq kütləvi xarakter alıb.

Onun sözlərinə görə, bu sahədə Vergi Məcəlləsinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri geniş şəkildə pozulur.

“Ən çox rast gəlinən problemlərdən biri vergidən yayınma hallarının sistemli və davamlı xarakter almasıdır. Bəzi satış məntəqələrində post-terminallar mövcud olsa da, onlardan istifadə edilmir, bu da nağdsız ödənişlərin qarşısını alır və nəticə etibarilə vergi öhdəliklərindən yayınma baş verir.

Bundan əlavə, müştərilər aldıqları məhsulu geri qaytarmaq zərurəti yarandıqda ciddi çətinliklərlə üzləşirlər. Onlara nə qəbz, nə də rəsmi sənəd təqdim olunur, nəticədə hüquqlarını müdafiə etməkdə aciz qalırlar. Bu da birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir.

Burada söhbət çox ciddi məbləğdə dövlət büdcəsinə daxil olmalı olan vergilərin yayındırılmasından gedir. Məsələ ondadır ki, İqtisadiyyat Nazirliyi və Vergilər Departamentinin bu sahədə konkret reydlər keçirib-keçirmədiyinə dair ictimaiyyətdə açıq məlumat yoxdur. Bu qeyri-formal iqtisadiyyatın (kölgə iqtisadiyyatı) ciddi təzahürüdür”.

Ekspert qeyd etdi ki, ortada müəyyən hüquqi məqam olmadığına görə, hər hansı bir şəxsi və ya qurumu günahlandırmaq mümkün deyil:

“Bu sistemi xüsusi olaraq kimlərin idarə və ya himayə etdiyini demək çətindir. Biz sadəcə olaraq ayrı-ayrı şəxslərin ölkəyə gətirdiyi qızıl və zinət əşyalarının vergiyə cəlb edilməsi, gömrük sənədləşmələrində rüsum ödənilməsi haqqında məlumatlara rast gəlirik. Lakin daxili bazarda, xüsusilə pərakəndə satış nöqtələrində vergiyə cəlb, uçot və hesabat sisteminin praktiki olaraq olmadığı görünür. Məsələn, real bazar dövriyyəsi ilə təqdim olunan rəsmi hesabatlar arasında ciddi fərq mövcuddur.

Bu təkcə qızıl bazarına deyil, digər sahələrə – yüngül sənaye məhsullarının, tikinti materiallarının satış bazarına da aiddir. Çox vaxt alıcıya heç bir qəbz təqdim edilmir, ödənişlər qeyri-rəsmi formada aparılır.

Bu, Azərbaycanda pulların hələ də vergidən yayındırılması faktının bariz nümunəsidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergidən yayınan fiziki və ya hüquqi şəxslərə müəyyən cəzalar tətbiq oluna bilər. Bu cəzalara vergidən yayınan məbləğin 2‑4 qatına qədər cərimə, iki illik islah işləri və ya 3 ilədək həbs cəzası daxildir. Əgər bu yayınma qəsdən, saxtakarlıqla həyata keçirilirsə cəza daha ağır ola bilər.

Seçilən
10
3
hurriyyet.az

4Mənbələr