AZ

Rektorlar haqqında nə bilirik? - Yaqub Piriyev...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

 

Araşdırmamızda bu dəfə Bakı Mühəndislik Universiteti var.

 

Bu ali təhsil müəssisəsinə hazırda Yaqub Piriyev rəhbərlik edir.

 

Yaqub Piriyev 1975-ci ildə Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin Layihə-axtarış dəstəsinin rəisi vəzifəsində çalışıb. 1977-1980-ci illərdə bitirdiyi İnstitutun aspiranturasında təhsil alıb. 1983-cü ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

 1981-1984-cü illərdə həmin İnstitutda kiçik elmi işçi və müəllim vəzifələrində çalışıb. 1984-1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin “Azəryollayihə” İnstitutunda qrup rəhbəri, baş mütəxəssis vəzifələrində işləyib.

1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində kafedra müdiri vəzifəsində çalışıb. 1992-1995-ci illərdə Türkiyə Respublikasının Atatürk Universitetində müəllim vəzifəsində işləyib. 1995-2013-cü illərdə yenidən Azərbaycan İnşaat Mühəndisləri Universitetində kafedra müdiri və dekan vəzifələrində çalışıb.

2013-2014-cü illərdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini, 2014-cü ildən Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib, eyni zamanda Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edib.

Nəqliyyat tikintisi və yol mühəndisliyi sahəsində 1 ixtiranın, 4 normativ sənədin, 4 dərsliyin, 5 dərs vəsaitinin və 100-dən çox elmi məqalənin müəllifidir.

2004-cü ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 sentyabr  2023-cü il tarixli Sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

2 ildir ki, Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsini icra edir.

Seçilən
5
azedu.az

1Mənbələr