Sağlam qidalanma – orqanizmin qorunması və xəstəliklərdən uzaq qalmağın əsas şərtidir. Elə içkilər var ki, bu istiqamətdə xüsusilə təsirli ola bilir. Hətta xərçəng kimi ağır xəstəliklərin yaranma riskini azaltmağa kömək edir.
News24.az xəbər verir ki,Harvard Universitetinin məzunu olan tanınmış gastroenteroloq Dr. Saurabh Sethi xərçəng riskini azaltmağa yardım edə biləcək 3 faydalı içkinin adını açıqlayıb. O bildirir ki, bu içkilər sağlam qidalanma rejiminin bir hissəsi kimi qəbul edildikdə, bədəni daxildən qorumaqda mühüm rol oynaya bilər.
Müxtəlif mənbələrdə yer alan sağlamlıq məsləhətləri içərisində elmi əsaslara söykənənləri ayırd etmək çətin olsa da, Dr. Sethi-yə görə düzgün hazırlanmış içkilər orqanizmdə iltihabı azalda, hüceyrələrin bərpasını dəstəkləyə və immun sistemini gücləndirə bilər.
1. Maça çayı
Yaşıl çay uzun illərdir sağlamlıqla əlaqələndirilir. Ancaq çay yarpaqlarının toz halına salınması ilə əldə edilən maça çayı, daha yüksək miqdarda EGCG (epiqallokatexin qallat) adlı güclü antioksidant ehtiva edir. Dr. Sethi qeyd edir ki, bu maddə şişlərin qanla təchizatını zəiflədərək onların böyüməsini yavaşlada bilər. Effektini qorumaq üçün maça çayını çox isti yox, ilıq suda hazırlamaq tövsiyə olunur.
2. Yaşıl smuzi
Zəncəfil, ispanaq, kərəviz və xıyarla hazırlanan az şəkərli bir smuzi təkcə bədəni qidalandırmır, eyni zamanda iltihabı azaldaraq xərçəngə qarşı qoruyucu təsir göstərə bilir. Zəncəfildəki cinqerol maddəsi bəzi genlərin xərçənglə əlaqəli təsirini zəiflədə bilər. İspanaq, kərəviz və xıyar isə DNT-nin bərpası və immun sisteminin gücləndirilməsi üçün faydalı maddələrlə zəngindir.
3. Sarıköklü içki
Sarıkök tərkibindəki əsas fəal maddə olan kurkuminlə seçilir. Lakin kurkumin orqanizm tərəfindən tək halda zəif sorulur. Onun mənimsənilməsini artırmaq üçün qara istiotda olan piperinlə birlikdə qəbul olunması tövsiyə edilir. Dr. Sethi ev şəraitində hazırlanan, şəkərsiz sarıkök late içkisinə bir çimdik qara istiot və bir çay qaşığı sağlam yağ (məsələn, kokos yağı) əlavə etməyi məsləhət görür. Bu şəkildə kurkuminin xərçənglə əlaqəli hüceyrə siqnallarını pozma potensialından daha dolğun faydalanmaq mümkündür.
Dr. Sethi xəbərdarlıq edir: “Heç bir qida təkbaşına xərçəngin qarşısını ala bilməz. Amma bu içkilər, ümumi sağlam qidalanma və həyat tərzi çərçivəsində, müsbət təsir göstərə bilər”./Yenisabah.az