AZ

“İran üçün heç kim vuruşmayacaq” Ekspert

Sfera.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran və İsrail arasında baş verən hərbi toqquşmaya ABŞ-nin də qoşulması üçüncü dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Müxtəlif siyasətçilər, o cümlədən Donald Tramp və Vladimir Putin də bu təhlükəni açıq şəkildə dilə gətiriblər.

Bu məsələ ilə bağlı Sfera.az münasibətini bildirən politoloq Kazım Kazımov qeyd etdi ki, qlobal miqyaslı müharibənin başlaması üçün hansısa ölkə və ya bloka qarşı birbaşa və genişmiqyaslı hücum olmalıdır.

Onun sözlərinə görə, hal-hazırda nə İran, nə Ukrayna, nə də Tayvanla bağlı gərginliklər bu meyara cavab vermir:

“İran, Ukrayna və Tayvan kimi ölkələr ya regional, ya da orta səviyyəli gücə malikdirlər. Onlar dünya nizamının əsas sütunları olan hərbi-siyasi blokların lideri deyillər. Bu ölkələrə qarşı hücumlar qlobal müharibə üçün zəmin yaratmır. Əsl dünya müharibəsi yalnız ABŞ, Çin, Rusiya və ya Qərbi Avropanın əsas dövlətləri arasında birbaşa toqquşma zamanı baş verə bilər”.

Kazımov əlavə etdi ki, nüvə silahına malik Hindistan, Pakistan və Şimali Koreya kimi ölkələr də qlobal müharibənin baş verməsi üçün müəyyən risk daşısalar da, geosiyasi baxımdan dünya müharibəsinə səbəb olacaq qədər güclü deyillər.

Politoloq vurğulayır ki, İran nə NATO-nun müttəfiqidir, nə də Rusiya və Çinlə hərbi müdafiə sazişi imzalayıb. Onun sözlərinə görə, bu səbəbdən qlobal savaş riskini üzərinə götürəcək güc yoxdur:

“Ukrayna 2022-ci ildə Qərb tərəfindən strateji müttəfiq elan edilsə də, real müdafiə olunmadı. İran üçün bu cür dəstək ümumiyyətlə gözlənilmir. Rusiya və Çin tərəfindən verilən bəyanatlar isə əsasən diplomatik xarakter daşıyır, Liviyada və İraqda baş verənlər də buna nümunədir”.

Kazımovun fikrincə, bu gün regional münaqişələr - istər Ukrayna, Tayvan, istərsə də Yaxın Şərqdəki toqquşmalar - lokal səviyyədə qalacaq və dünya müharibəsi ssenarisinə çevrilməyəcək. O, həmçinin NATO-nun 5-ci maddəsinin avtomatik hərbi cavab anlamına gəlmədiyini bildirir:

“Məsələn, sabah Litva üçün ABŞ Rusiya ilə savaşa girəcəkmi? Bu, real görünmür. Çünki NATO-nun 5-ci maddəsi hərbi deyil, siyasi alətdir və hər vəziyyətə uyğun tətbiq edilmir.

Buna görə də geosiyasi reallıqlar fonunda üçüncü dünya müharibəsinin başlanması ehtimalı hazırda çox zəifdir. Mürəkkəb ritorikalara baxmayaraq, böyük güclər arasında birbaşa toqquşma baş vermədikcə, qlobal müharibə ssenarisi reallıqdan uzaq görünür".

Bəsti Rəfizadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sfera.az

2Mənbələr