AZ

COP30 un Prezidenti: Braziliyada keçiriləcək COP30 həm çağırışların, həm də ümidlərin platforması olmalıdır

ain.az bildirir, Azertag portalına istinadən.

Bonn, 23 iyun, Pərvanə Qafarova, AZƏRTAC

İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bonn sessiyası çərçivəsində AZƏRTAC-a eksklüziv müsahibəsində COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir Andre Korrea do Lago COP30-a hazırlıq prosesi, Bakıda qəbul olunmuş maliyyə razılaşmasının davamı olaraq gözlənilən nəticələrdən, eyni zamanda Azərbaycanla əməkdaşlıqdan və COP-un ev sahibi olmağın ölkələrə verdiyi fürsətlərdən bəhs edib.

– Bu il noyabrda Braziliyanın Belem şəhərində baş tutacaq COP30-a hazırlıqlar hansı mərhələdədir? Niyə məhz Belem?

– Bəli, Prezident Lula COP30-a ev sahibliyi üçün Belem şəhərini seçdi. Bu şəhər Amazon bölgəsinin ən böyük şəhərlərindən biri olsa da, Braziliyanın ən iri şəhərləri sırasına daxil deyil. Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvanın fikrincə, Belem tropik meşələrin və ümumilikdə inkişaf etməkdə olan ölkələrin iqlim çağırışlarını əks etdirmək üçün simvolik bir məkan olacaq.

Şəhərdə infrastruktur məhdudiyyətləri olsa da, biz inanırıq ki, COP tədbirinin Amazonda keçirilməsi qlobal cəmiyyətə mühüm mesaj ötürəcək. Belem sakinləri bu tarixi tədbiri qarşılamağa hazırdır və bu unikal bölgəni dünyaya tanıtmaqdan qürur duyurlar. Biz COP üçün süni infrastruktur yaratmaqdan daha çox yerli əhalinin həyat keyfiyyətini artırmaq üzərində çalışırıq.

– Tarixə nəzər salsaq, Kioto Protokolu və Paris Sazişi kimi əhəmiyyətli razılaşmalar mövcuddur. Paris Sazişinin 10 illiyindən sonra Bakı COP29-da maliyyə üzrə önəmli qərarlar qəbul etdi. Bəs COP30-dan gözləntilər nədir?

– COP30-un, Dubayda qəbul edilmiş Qlobal Qiymətləndirmə və Bakıda əldə olunmuş maliyyə razılaşmaları qədər konkret mandatı yoxdur. Lakin qeyd etdiyiniz kimi, bu tədbir Paris Sazişinin 10 illiyinə təsadüf edir və əsas məqsədlərdən biri də bu sazişin uğurlarını nümayiş etdirmək və çatışmayan hədəflərə çatmağın hələ də mümkün olduğunu göstərməkdir.

Elmi şuramızla keçirdiyimiz son görüşlərdən sonra belə qənaətə gəldik ki, dünya 1,5 dərəcə istiləşmə həddinə təhlükəli şəkildə yaxınlaşır. Bununla belə, hələ də tədbir görmək imkanımız var. COP30 həm çağırışların, həm də ümidlərin platforması olmalıdır. Bütün ölkələr öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) və şəffaf hesabatlarını BMT-yə təqdim etməlidir.

– Braziliyanın COP30 Sədrliyi maliyyə məsələləri ilə bağlı nə düşünür? Belə ki, 1,3 trilyon dollarlıq maliyyə məqsədi ilə bağlı razılaşma birmənalı qarşılanmır.

– Maliyyə məsələləri iqlim danışıqlarında ən çətin və həssas məsələlərdən biridir. Bakıda 300 milyard dollarlıq ilkin razılaşma əldə olundu, lakin eyni zamanda Azərbaycan və Braziliya sədrliyi olaraq bu məbləği 1,3 trilyon dollara çatdırmağın mümkün mexanizmlərini müəyyən etmək üçün ortaq hesabat hazırlanması qərarlaşdırıldı.

Hazırda COP29-un Sədri Muxtar Babayevlə çox sıx əməkdaşlıq edirik və bu hesabat üzərində birgə işləyirik. İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə vəsait köçürmələri nəzəri olaraq razılaşdırılsa da, praktiki baxımdan bu proses çox mürəkkəbdir.

– Braziliyada COP-un ev sahibi elan edilməsi ölkə daxilində hansı dəyişikliklərə səbəb oldu?

– COP tədbiri ölkə daxilində iqlim məsələlərinə dair müzakirələri gücləndirdi. “Mutirão” adlandırdığımız yanaşma – yəni hamının ümumi məqsəd üçün əlindən gələni etməsi prinsipi – Braziliyada öz təsirini göstərdi. İnsanlar prosesə aktiv şəkildə qoşulub.

Bizə yeni inkişaf modeli lazımdır – elə bir model ki, iqlim məsələlərini iqtisadiyyatın, siyasətin, təhsilin və digər sahələrin mərkəzinə çevirsin. Bu istiqamətdə ölkədə ciddi addımlar atılır və bu məni məmnun edir.

– Ötən il noyabrda Azərbaycan COP29 ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz?

– Bu, həqiqətən də çox məhsuldar və uğurlu bir il idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində və işgüzar dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz hələ də Sədrlik funksiyasını yerinə yetirir.

– COP-un təşkili sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstək verir?

– Azərbaycan bu prosesdə çox böyük dəstək göstərir. Braziliya, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri olaraq “troyka” mexanizmini formalaşdırdıq və birgə təşəbbüsləri həyata keçiririk. 1,3 trilyon dollarlıq ortaq hesabat da bu əməkdaşlığın bir hissəsidir. Azərbaycanlı həmkarlarla işləmək bizim üçün həm maraqlı, həm də ilhamvericidir.

– Hazırda Braziliya hansı çətinliklərlə qarşılaşır?

– Bu, tamamilə normal haldır. Hər ölkənin öz xüsusiyyətləri və ölçüsü var, təzyiqlər və suallar isə prosesi müşayiət edən təbii amillərdir. Əsas məsələ onlara necə cavab və hansı izahı verəcəyimizdir.

Biz Belem şəhərini məhz bu səbəbdən seçdik – Braziliya öz çətinliklərini gizlətmir və inkişaf etməkdə olan ölkə olaraq üzləşdiyi problemləri dünya ilə bölüşməyə hazırdır. COP-un keçirilməsinin əsas mahiyyəti də budur – problemləri gündəmə gətirmək və birlikdə həll yolları tapmaq.

– Amazon meşələrinin qorunması məqsədilə fond yaradılması təşəbbüsü irəli sürülüb. Bu barədə fikirlərinizi bilmək istərdik.

– Dünya miqyasında meşələrin qorunmasının çoxsaylı səbəbləri var: yerli icmaların rifahı, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizədə meşələrin rolu və s. Lakin maliyyə məsələləri bu istiqamətdə real irəliləyişi çətinləşdirir.

İnkişaf etməkdə olan ölkələrin təhsil, səhiyyə və digər sahələrdə də ehtiyacları var. Bu resurslar arasında balans tapmaq isə ənənəvi və hələ də aktual bir mövzudur. İnkişaf etmiş ölkələr öz tarixi məsuliyyətlərini qəbul edərək tropik meşələrin qorunması istiqamətində inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir. Bu, artıq onilliklərdir müzakirə olunan məsələdir, lakin real nəticələr üçün davamlı siyasi və maliyyə iradəsi zəruridir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr