AZ

Valdas Dambrauskas “Sabah”ı ilk məşqə çıxardı

Bir neçə gün öncə “Sabah”a baş məşqçi təyin olunmuş litvalı mütəxəssis Valdas Dambrauskas bu komandanı ilk məşqinə çıxarıb.

Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümünə hazırlaşan paytaxt təmsilçisi ötən gün Avstriya toplanışına start verib.

Elə ötən gün Qrats şəhərinə yollanmış komanda yeni baş məşqçi Dambrauskasın rəhbərliyi atlında ilk məşqinə də çıxıb.

Xatırladaq ki, “Sabah” hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş”la (Macarıstan) qarşılaşacaq.

“Sabah” Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək. Cavab matçı isə iyulun 17-də Sloveniyada baş tutacaq.

Valdas Dambrauskas iyunun 20-də “Sabah”la 3 illik müqavilə bağlayıb. O, bu postda elə bu yay “Sabah”dan ayrılmış Vitali Berezutskini əvəz edib.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin “Omoniya” (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16) olub. O, bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Super Kubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Super Kubokunun (2021/22) qalibi olub.

Seçilən
5
arena.az

1Mənbələr