AZ

“Güclü ordu – güclü dövlət” prinsipi

Ali Baş Komandan İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu

 Hər bir xalqın tarixində ordu, dövlətçiliyin sütunlarından biri kimi xüsusi yer tutur. Azərbaycan xalqı da öz hərbi qüdrəti və vətənpərvərlik ruhu ilə hər zaman fəxr etmiş, silahlı qüvvələrinə böyük dəyər vermişdir. Bu baxımdan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin ən mühüm bayramlarından biri sayılır və hər il təntənəli şəkildə qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələrinin əsası hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Məhz 1918-ci il iyunun 26-da AXC hökumətinin qərarı ilə ilk nizami hərbi hissə yaradılmış, bununla da milli ordumuzun formalaşmasına başlanmışdır. Bu mühüm tarix, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da öz aktuallığını qorumuş və 1998-ci ildən etibarən rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başlanmışdır.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, çətin geosiyasi və hərbi-siyasi şəraitdə öz silahlı qüvvələrini yaratmağa başlamışdı. Lakin bu prosesin ilkin mərhələsi nizamsız, zəif strukturlaşmış və təcrübəsiz kadrlarla müşayiət olunurdu. 1990-cı illərin əvvəllərində ölkədəki siyasi qeyri-sabitlik, torpaq itkisi və hərbi idarəetmədəki boşluqlar vəziyyəti daha da çətinləşdirirdi.  Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Ordusunun formalaşmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk gündən ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin əsası kimi dəyərləndirmişdir. Məhz onun təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar əsaslarla formalaşdırılmasına başlanmışdır. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Hərbi təhsil sisteminin yenidən qurulması, xarici ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi üçün təsirli siyasət yürüdülmüşdür. Ordumuz haqqında Ümummilli Lider demişdir: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Beynəlxalq hərbi əməkdaşlıqlara əsaslanan müasir ordu modeli formalaşdırıldı. Bu mərhələdə formalaşan peşəkar, milli və döyüş qabiliyyətli Azərbaycan Ordusu, sonrakı illərdə ölkənin təhlükəsizliyinin təmin olunmasında və 2020-ci ildə baş vermiş Vətən Müharibəsində qələbənin qazanılmasında həlledici rol oynamışdır. Bu yeni mərhələ təkcə hərbi sahədə deyil, həm də xalq-ordu birliyinin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından da dönüş nöqtəsi olmuşdur.

 Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün regionun ən güclü və müasir texnologiyalarla təchiz olunmuş ordularından birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu ölkənin strateji prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən milli təhlükəsizliyi və dövlət müstəqilliyini möhkəmləndirən ən vacib sütunlardan biri olan ordu quruculuğu siyasətini prioritet istiqamət kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü silahlı qüvvələrindən birinə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğunda bir neçə istiqamətlər üzrə işlər aparılmışdır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir silah-sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmuşdur. Müdafiə sənayesi inkişaf etdirilmiş, yerli istehsal gücləndirilmişdir. Hərbi məktəblər yenilənmiş, beynəlxalq standartlara uyğun zabit heyətinin hazırlanması təmin olunmuşdur. Hərbi qulluqçuların maaşlarının artırılması, mənzil və sosial təminat məsələlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. “Güclü ordu – güclü dövlət” prinsipi Prezident İlham Əliyevin fəaliyyətində əsas istiqamətlərdən biri olmuş, xalq–ordu birliyi daha da möhkəmlənmişdir.

 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək əzəli torpaqlarımızı – Qarabağı və ətraf rayonları erməni işğalından azad etmişdir. Bu qələbə Azərbaycan Ordusunun gücünün, xalq–ordu birliyinin və vətən sevgisinin parlaq nümunəsidir. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi, Prezident İlham Əliyevin illərlə apardığı ordu quruculuğu siyasətinin nə qədər səmərəli və məqsədyönlü olduğunu sübut etdi. Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. O, həm də dünya birliyinə göstərdi ki, güclü orduya və güclü siyasi iradəyə malik olan bir xalq heç zaman məğlub edilə bilməz: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

 Bu gün yalnız hərbi bayram deyil, həm də birliyin, gücün və vətənə sədaqətin simvoludur. 26 İyun münasibətilə ölkənin müxtəlif bölgələrində hərbi paradlar, tədbirlər, şəhid ailələrinə baş çəkilər və vətənpərvərlik mövzusunda layihələr həyata keçirilir. Bu, həm də ordu sıralarında xidmət edən minlərlə əsgər və zabitə təşəkkürün ifadəsidir.

 Azərbaycan Silahlı Qüvvələri xalqın güvənc yeridir. 26 İyun – Silahlı Qüvvələr Günü isə bu güvənin və milli birliyin bayramıdır. Bu münasibətlə bütün hərbi qulluqçuları, qazilərimizi və şəhid ailələrini dərin ehtiramla yad edir, ordumuza yeni uğurlar arzulayırıq.

Ordumuz güclüdür! Ordumuz qalibdir! Qarabağ Azərbaycandır!

  

Səyavuş Qasımov

Avrasiya Universitetinin rektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

  

Seçilən
0
4
news365.az

5Mənbələr