AZ

İranın nüvə obyektlərinə hücumlar BMT-nin gündəmində

BAKI, TurkicWorld

ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri beynəlxalq səviyyədə kəskin reaksiya doğurub.

TurkicWorld xəbər verir ki, Vaşinqton və Təl-Əviv bu hücumları müdafiə etsə də, Rusiya, Çin və Pakistan kimi ölkələr onu qanunsuz və təhlükəli adlandıraraq BMT Təhlükəsizlik Şurasını fövqəladə iclasa çağırıblar.

BMT Təhlükəsizlik Şurasının bazar günü keçirilən fövqəladə iclasında çıxış edən ABŞ-ın nümayəndəsi Doroti Şea bəyan edib.

“ABŞ həm müttəfiqini, həm də öz vətəndaşlarını və maraqlarını qorumaq üçün qətiyyətli addım atdı. İran rejiminin nüvə silahına sahib olmasına icazə verilə bilməz”- deyə o bildirib.

İsrailin BMT-dəki nümayəndəsi Danni Danon da hücumları dəstəkləyərək bildirib ki, Fordo, Natanz və İsfahan nüvə obyektlərinə qarşı yönələn bu əməliyyatlar dünyanı daha böyük bir fəlakətdən xilas edib.

“Sakit dayanmaq ölüm hökmü olardı – təkcə bizim üçün yox, sizin üçün də” – deyə Danon xəbərdarlıq edib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ və İsraili diplomatik səyləri puça çıxarmaqda ittiham edib və bildirib ki, İranın cavabının vaxtı, miqyası və forması silahlı qüvvələr tərəfindən müəyyən ediləcək.

Rusiya, Çin və Pakistan ABŞ-ın hərbi əməliyyatlarını qətiyyətlə pisləyərək, Yaxın Şərqdə dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən qətnamənin qəbul olunması üçün Təhlükəsizlik Şurasına təklif irəli sürüblər.

Bu qətnamənin qəbul edilməsi üçün ən azı doqquz ölkənin lehinə səs verməsi və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən – ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin – heç birinin veto qoymaması tələb olunur.

BMT Baş katibi Antonio Quterreş sessiya zamanı münaqişəyə son qoymağa və nüvə proqramı ətrafında danışıqların bərpasına çağırıb.

“Sülh yolundan imtina edə bilmərik, etməməliyik” – deyən Quterreş, İranın nüvə proqramı ilə bağlı şəffaflıq və etimadın bərpasını təmin edən danışıqların başlanmasını zəruri sayıb.

Seçilən
59
50
turkic.world

10Mənbələr