Türkiyənin Antalya şəhərində keçirilən 2025 Yüksəkixtisaslı Təhsil Müəssisələri İmtahanında (YKS) bir namizədin geyim tərzi və aksesuarları imtahan qaydalarına uyğun gəlmədiyi üçün imtahana buraxılmayıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, Antalya Akdeniz Universitetinin qarşısında imtahanın birinci mərhələsi zamanı gərgin anlar yaşanıb. Gənc bir qız imtahan binasına daxil olmaq üçün nəzarət nöqtəsinə yaxınlaşarkən, üzərindəki zinət əşyalarını – sırğa, boyunbağı və bilərzik kimi aksesuarları çıxarmalı olduğu bildirilib. Lakin o, qulağındakı sırğanı uzun müddət cəhd etməsinə baxmayaraq çıxara bilməyib. Ailəsi də ona kömək etməyə çalışsa da, bu proses imtahan qapılarının bağlanmasından əvvəl başa çatmayıb. Nəticədə, gənc namizəd imtahana buraxılmayıb və məyus halda ərazidən uzaqlaşıb.
Hadisədən sonra yalnız texniki prosedurlar deyil, qızın geyim tərzi də mübahisələrə səbəb olub. Onun şort, qısa köynək və büstqalterə bənzər üst geyimi geyinməsi bəzi sosial media istifadəçiləri tərəfindən sərt şəkildə tənqid olunub. “Belə vacib bir imtahana bu cür geyimlə gəlmək düzgün deyil” deyənlər, namizədin geyim seçimini uyğun hesab etməyiblər. Digər bir qrup isə bu fikirlərə qarşı çıxaraq, hər kəsin istədiyi kimi geyinmək azadlığının olduğunu və xüsusilə, isti iqlimə malik Antalya şəhərində bu cür geyim tərzinin təbii olduğunu bildirib.
Əsmətxanım
Telegram kanalımız