“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında prioritet istiqamətlərin icrası çərçivəsində fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya iyunun 22-də ikinci qəbul imtahanı keçirilib. SİA xəbər verir ki, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qəbul imtahanında muxtar respublikanın ümumtəhsil məktəblərinin 2024–2025-ci tədris ili üzrə V sinfi bitirən şagirdləri iştirak ediblər.
Gimnaziyaya qəbul üçün 429 nəfər sənəd təqdim edib. İmtahanda Azərbaycan dili, riyaziyyat, ingilis dili, tarix və təbiət fənlərindən ümumilikdə test formatında 100 sual təqdim olunub.
Üç saat davam edən imtahanın sualları Naxçıvan Dövlət Universitetinin İmtahan Mərkəzi tərəfindən hazırlanıb. İmtahanlarda şagirdlərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları prosesə cəlb olunub. 50 nəzarətçinin iştirak etdiyi imtahan 25 sinifdə aparılıb.
İngilis dili Təmayüllü Gimnaziyaya müsabiqə yolu ilə aparılan qəbul imtahanının nəticələri ilk həftə ərzində Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək. Nəticələrə əsasən, ən yüksək bal toplayan 30 qız və 30 oğlan olmaqla, ümumilikdə 60 şagird Gimnaziyaya qəbul olacaq.