AZ

Qardaşına xəbər vermədən mirasa sahib çıxanlar: indi bu, mümkün olmayacaq

Əliməmməd Nuriyev: “Yeni qaydalar vərəsələrin hüquqlarını tam təmin edəcək. Artıq hər kəsin payı sənəddə qeyd olunacaq”
 
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin hüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir. Məsələ Milli Məclisin dünənki plenar iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, "Notariat haqqında" və "İcra haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. 

Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək. Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir. Təklif edilən dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək. Həmçinin irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Təklif edilən dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır. Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq. Bundan əlavə, təklif edilən dəyişikliklə bu əvvəlki qaydalar aradan qaldırılır: Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir;  Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Sənəddə qeyd olunub ki, mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq. Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.
Qeyd edək ki, Mülki Məcəlləyə bundan əvvəl təklif olunan dəyişiklik mirasın əldə edilməsi qaydasının dəyişməsini nəzərdə tutur. Əvvəl qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yeni layihəyə əsasən, vərəsələr miras qoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər. Qüvvədə olan qanuna əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu dəyişikliklər vərəsələrə hansı üstünlük verəcək? 


Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, miras və vərəsəliklə bağlı yeni qaydalar bütün vərəsələrin hüquqlarının qorunmasını təmin edəcək:  

- Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin, miras şəriklərinin də mirasdan onlara çatacaq paylarını müəyyən edəcək və bunu həmin şəhadətnamədə göstərəcək. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən vərəsələr və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək. Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilir.  Bu, vərəsələrin hüquqlarının tanınmasıdır. Çünki bəzən belə hallar olurdu, vərəsələr mirasdan xəbərsiz olur, hansısa vərəsə mirası yalnız öz adına rəsmiləşdirir, müəyyən vaxt keçdikdən sonra digər vərəsə mirasdan pay tələb etdikdə, bildirilir ki, bu mümkün deyil artıq. Amma qanun layihəsində vərəsələrə  miras payı üçün müraciət etmək müddəti artırılır. Vərəsə məhkəmə qaydasında müraciət edib haqqını tələb edə biləcək. Qanun layihəsinə görə, nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək. Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Bu, müsbət haldır, o baxımdan ki, bütün vərəsələrin hüquqları tanınır. Miras, vərəsəlik, kimin mirasa daha çox hüququnun çatması çox zaman mübahisələrə, hətta münaqişələrə də səbəb olur. Bir sıra qanunlara, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklər mübahisələrin hüquqi müstəvidə daha asan həllini təmin edəcək.

Seçilən
5
8
sherg.az

10Mənbələr