Azərbaycan təhsil sistemində tarixə düşəcək əlamətdar hadisə baş verib. İlk dəfə olaraq ölkəmizin 6 universiteti dünyanın ən nüfuzlu ali təhsil müəssisələri sırasında – TOP1000 ən yaxşı universitet siyahısına daxil edilib. Bu, Azərbaycanın elm, təhsil və innovasiya sahəsində atdığı uğurlu addımların, dövlət siyasətinin və universitetlərin son illərdə göstərdiyi səylərin bariz göstəricisidir.
Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat xatırladıb ki, ilk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır:
“Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub. Bu universitetlərin reytinqdə yer alması təkcə onların tədris və tədqiqat keyfiyyətinin deyil, həm də beynəlxalq əlaqələrinin, elmi nailiyyətlərinin, məzunların məşğulluq imkanlarının və rəqəmsal transformasiya göstəricilərinin yüksək səviyyədə olduğunu sübut edir”.
Deputat bildirib ki, Azərbaycanın 6 universitetinin dünyanın aparıcı universitetləri sırasında yer alması, təkcə statistik uğur deyil:
“Bu, Azərbaycan ali təhsil sisteminin beynəlxalq səviyyəyə çıxması, təhsildə keyfiyyətin artması və gənc nəslin daha güclü gələcək qurması üçün yeni bir mərhələnin başlanğıcıdır.
Bu nailiyyət bir ilkdir və eyni zamanda daha böyük hədəflərə aparan yolun başlanğıcıdır. Qarşıda duran vəzifə isə bu mövqeyi qorumaqla yanaşı, Azərbaycan universitetlərini TOP 500 və daha yuxarı sıralamalara daşımaqdır”.
Deputatın fikrincə, bu uğur Azərbaycanın təhsil sahəsində yeni imkanlar açır: “Bu hadisə Azərbaycan universitetlərini xarici tələbələr üçün daha da cəlbedici edəcək, dünya universitetləri ilə elmi və tədris sahəsində əməkdaşlıqlar genişlənəcək”.
A.Həsənova qeyd edib ki, son illərdə Azərbaycanda təhsil sisteminin inkişafına xüsusi diqqət ayrılır:
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırma, müasir texnologiyaların tətbiqi, təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi siyasətləri bu uğurun bünövrəsini qoyub.
Əlavə olaraq, Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində ali təhsil sahəsinə yönələn sərmayələr, kadr hazırlığının təkmilləşdirilməsi və beynəlxalq akkreditasiya meyarlarına cavab vermə istiqamətində görülən tədbirlər müsbət nəticələrini verir”.
Deputat əlavə edib ki, Azərbaycan Təhsil Nazirliyinin bu nailiyyətdə rolu danılmazdır:
“Nazirlik son illərdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirakını təşviq etmiş, universitetlərin daxili idarəetmə modellərinin müasirləşdirilməsi, elmi-tədqiqat potensialının artırılması, rəqəmsallaşma və innovasiyaların tətbiqi, eləcə də beynəlxalq akkreditasiya proseslərinə dəstək istiqamətində mühüm addımlar atıb. Nazirlik tərəfindən həyata keçirilən “Ali təhsilin inkişafı üzrə Dövlət Proqramı”, universitetlər üçün bir yol xəritəsi rolunu oynayıb və bu nəticələrin əldə olunmasına mühüm təkan verib”.
Qeyd edək ki, ümumilikdə reytinqə 9 Azərbaycan universiteti yer alır. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.