AZ

Bioloji müxtəliflik sürətlə azalır

Yazını böyüt
Yazını kiçilt

Dünyada bioloji müxtəliflik sürətlə azalır. Xüsusilə nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri ciddi təhlükə altındadır. Bu növlərin məhv olması, yalnız bir canlının yoxa çıxması deyil, bütöv ekosistemlərin, qida zəncirinin və təbiətin sabitliyinin pozulması deməkdir. Ona görə də ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması hər bir ölkənin dayanıqlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan dövləti ətraf mühitin mühafizəsinə, təbiətin zəngin irsinin qorunub-saxlanmasına və gələcək nəsillərə ötürülməsinə yönəlmiş siyasətini ilbəil daha da gücləndirir.

Dövlət dəstəyi artır

Qeyd edək ki, “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bu istiqamətdə mühüm rəqəmlər yer alır. Sənədə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərində nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması üçün 7,7 milyon manat vəsait ayrılıb. Bu, 2023-cü illə müqayisədə 0,5 milyon manat və ya 6,9 faiz çoxdur. Bu artım ölkənin ekoloji siyasətində davamlılığın və prioritetli yanaşmanın göstəricisidir.

Yeri gəlmişkən, xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən, biosfer qoruqları, milli parklar; təbiət parkları, ekoloji parklar, dövlət təbiət yasaqlıqları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar, geoloji parklar.

Bu ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına və müəyyən olunmuş tələblərə riayət edilməsi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəs üçün məcburidir. Lakin bu cür tələblərə layiqincə əməl olunmaması səbəbindən təəssüf ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında və ovçuluq təsərrüfatlarında yanğın hadisələri baş verir. Belə yanğınlar aidiyyəti qurumların əməkdaşlarının səyi nəticəsində söndürülsə də, təbiətə dəyən ziyanın aradan qaldırılması uzun müddət çəkir və bəzi hallarda ümumiyyətlə mümkün olmur. Bu cür ərazilərdə baş verən yanğınlarda meşə təsərrüfatına (ağac və kol bitkilərinə, yeni ağac pöhrələrinə), fauna və flora aləminə, eyni zamanda, “Qırmızı kitab”a düşən nadir növlərə dəyən zərərin qarşısını almaq, bu ərazilərdə yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır.

10 milli park, 10 dövlət qoruğu, 24 təbiət yasaqlığı

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Bu istiqamətdə işlər genişləndirilir. Məsələn, bəbirin respublikada mühafizəsi üçün geniş xüsusi mühafizə olunan təbiət ərazisi şəbəkəsi var. Son illərdə bəbirlər yaşayan sahə xeyli genişləndirilib. Belə ki, Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı (40000 ha) var idisə, hazırda orada ümumi sahəsi 148645 hektar olan ərazi fəaliyyət göstərir. Əvvəllər mövcud olan 2906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan milli parkının sahəsi 40358 ha-ya çatdırılıb. İşğaldan azad olunmuş torpaqlarımızda artıq 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. Otuz ilə yaxın işğal müddətində həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. Həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulması, bərpa olunması, hətta azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər aparılır.

III “Qırmızı kitab”

Biomüxtəlifliyin qorunmasının ən effektiv üsullarından biri məhz "Qırmızı kitabın nəşridir. “Qırmızı kitab”ın birinci nəşri 1989-cu, ikinci nəşri isə 2013-cü ildə işıq üzü görüb. Birinci “Qırmızı kitab”da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitaba isə 223 fauna və 300 flora növü daxil edilib. "Qırmızı Kitab"ın üçüncü nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü və 460 flora növü öz əksini tapıb. Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, çəhrayı siyahıda olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub.

Xüsusi mühafizə olunan ərazilərdə Azərbaycanın qürur mənbəyi sayılan bir çox nadir və nəsli təhlükə altında olan növlər yaşayır. Qafqaz qartalı, cüyür, bezoar keçisi, endemik ağac növləri və digər canlılar bu siyahıya daxildir. Təəssüf ki, dünya üzrə son 50 ildə biomüxtəliflik 70 fazə qədər azalıb və Azərbaycan da bu ümumi ekoloji çağırışdan kənarda qalmayıb. Bu səbəbdən də mühafizə tədbirlərinə yönələn maliyyə resurslarının artırılması olduqca mühüm və vaxtında atılmış addımdır.

COP29 - bioloji müxtəlifliyin qlobal müzakirə meydanı

Ötən ilin ən əlamətdar ekoloji hadisələrindən biri də Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinə ev sahibliyi etməsi oldu. Bu beynəlxalq əhəmiyyətli forum təkcə iqlim dəyişikliyi ilə mübarizə məsələlərini deyil, eyni zamanda biomüxtəlifliyin qorunması sahəsində qlobal təşəbbüslərin müzakirə olunduğu platformadır. COP tədbirlərində son illərdə bioloji müxtəlifliyin qorunmasına mühüm töhfələr verilir. Meşələrin və bataqlıqların qorunması həm karbon emissiyalarının azaldılmasına, həm də nadir canlı növlərinin saxlanmasına xidmət edir. COP tədbirlərində 2030-cu ilə qədər dünya ərazilərinin 30 faizinin mühafizə altına alınması hədəfi həm növlərin, həm də yaşayış mühitlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkələr bu tədbirlərdə konkret növlərin qorunması ilə bağlı milli strategiyalarını təqdim edir, beynəlxalq monitorinq və təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi həm də ölkənin biomüxtəlifliyin qorunmasına dair mövqeyini və öhdəliklərini dünya ictimaiyyətinə çatdırması üçün mühüm imkan yaratdı. Eyni zamanda ölkəmiz bu tədbir vasitəsilə Xəzər dənizi, Hirkan meşələri və Qafqaz dağlarının nadir ekosistemlərinin beynəlxalq səviyyədə tanıdılmasına da şərait yaratdı.

Təbii ki, Azərbaycanın bu istiqamətdəki siyasəti beynəlxalq ekoloji təşəbbüslərlə üst-üstə düşür. Xüsusilə BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri”ndə ekoloji davamlılıq və biomüxtəlifliyin qorunması ilə bağlı hədəflərə uyğun fəaliyyət göstərilməsi nəzərdə tutulur. Azərbaycanın bu məqsədlərə uyğun olaraq atdığı addımlar, həm regional, həm də beynəlxalq səviyyədə təqdir olunur.

Yeni çağırışlar

Əldə olunmuş nəticələrə baxmayaraq, qarşıda duran çağırışlar da az deyil. İqlim dəyişikliyi, qeyri-qanuni ovçuluq, sənaye və kənd təsərrüfatı təzyiqləri biomüxtəlifliyin qorunmasına təhlükə yaradır. Buna görə də maliyyə ayırmalarının səmərəli istifadəsi, ekoloji maarifləndirmənin artırılması, monitorinq və tədqiqatların gücləndirilməsi vacib məsələlər kimi qalır.

Nəticə etibarilə xüsusi mühafizə olunan təbiət əraziləri təkcə ölkəmizin ekoloji sərvəti deyil, həm də mədəni və tarixi irsinin bir hissəsidir. Onların qorunması isə gələcək nəsillərə qarşı məsuliyyətimizdir. 2024-cü il üçün bu sahəyə ayrılan 7,7 milyon manatlıq vəsait yalnız maddi dəstək deyil, həm də təbiətə verilən yüksək dəyərin göstəricisidir. COP29 kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi isə bu istiqamətdəki səylərin dünya miqyasında tanındığını göstərir. Bu platformada bioloji müxtəlifliyin qorunmasına dair qlobal təşəbbüslərdə Azərbaycanın fəal iştirakı həm milli ekoloji təhlükəsizliyə, həm də qlobal ətraf mühitə mühüm töhfə verəcək.

Seçilən
6
hafta.az

1Mənbələr