AZ

Ərdoğan Araqçi ilə regional məsələləri müzakirə edib

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası toplantısı çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Araqçini qəbul edib.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə İsrail ilə İran arasında davam edən münaqişə, habelə regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə İsrailin Qəzza, Livan və Suriya ilə yanaşı, İrana etdiyi hücumlara qarşı da prinsipial mövqe sərgiləyir və diplomatik yollarla münaqişələrin sona çatdırılması üçün müxtəlif səylər göstərir.

Ərdoğan vurğulayıb ki, bölgə yeni bir müharibəyə dözə bilməz, İsrail dərhal dayandırılmalı, nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli isə ancaq danışıqlar yolu ilə mümkündür.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, Ankara üzərinə düşəni, o cümlədən vasitəçilik rolunu oynamağa hazırdır. O, İran ilə ABŞ arasında texniki səviyyədə və liderlər arasında dialoqun başlanmasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesdə dəstəyini davam etdirəcəyini bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Seçilən
9
turkic.world

1Mənbələr