AZ

Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib




“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətində “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi, bu sahədə əməkdaşların peşəkarlığının artırılması, zorakılıq hallarının qarşısının alınması və cəmiyyətin bu istiqamətdə məlumatlandırılması olub.

Newscenter.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, QHT rəhbərləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, təhsil və səhiyyə sahəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlara qarşı zorakılıq hallarının həm fiziki, həm də psixoloji baxımdan uzunmüddətli və dərin fəsadlara səbəb olduğunu vurğulayıb. O, çıxışında Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrin uşaq hüquqlarının müdafiəsi, ailə institutunun gücləndirilməsi və zorakılıq hallarının qarşısının alınması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva tədbirdə çıxışı zamanı uşaqlara qarşı zorakılığın yalnız bir fərdin deyil, bütövlükdə cəmiyyətin problemi olduğunu bildirib. O qeyd edib ki, zorakılığın səbəbləri kökündə maarifləndirmə çatışmazlığı, sosial problemlər və ailədaxili münaqişələr dayanır. Zərifə Quliyeva vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlərin əhatə dairəsi daha da genişləndirilməli, valideynlərin, müəllimlərin və psixoloqların birgə əməkdaşlığı gücləndirilməlidir.

Tədbirdə çıxış edən 119 nömrəli uşaq bağçasının müdiri Nərmin Rəşidli, 139 nömrəli uşaq bağçasının müdiri Aysel Məmmədova, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova və 1 nömrəli uşaq poliklinikasının psixoloqu Həcər Gözəlova zorakılığın qarşısının alınması yolları, ailədaxili münasibətlərdə uşaqların qorunması, məktəb və icma səviyyəsində uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı təqdimatlar edərək, mövzu ətrafında geniş müzakirələr aparıblar.

Tədbir iştirakçıları uşaqların təhlükəsiz və zorakılıqdan uzaq mühitdə böyüməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə birgə fəaliyyətin və ictimai məsuliyyətin artırılmasının zəruriliyini qeyd ediblər.

Ruhiyyə Mehdiyeva
Seçilən
0
2
newscenter.az

3Mənbələr