Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti 20 iyun 2025-ci il tarixində Astana şəhərində Qazaxıstanın Dövlət Qulluğu üzrə Agentliyinin təşkilatçılığı ilə keçirilən “Yeni sistemlər, müasir xidmətlər və innovativ həllər” mövzusunda beynəlxalq İnsan Resursları Forumunda iştirak edib. M.Abbaszadə forum çərçivəsində keçirilən “Süni intellektin dövlət qulluğu xidmətlərinə inteqrasiyası" mövzusunda interaktiv paneldə çıxış edərək Azərbaycan Respublikasının dövlət qulluğu sistemində həyata keçirilən institusional islahatlar, rəqəmsallaşma prosesləri və süni intellekt texnologiyalarının tətbiqi sahəsində son illərdə atılan mühüm addımlar barədə məlumat verib. Müzakirə zamanı qarşlıqlı fikir mübadiləsi aparılıb və sədr tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Tədbir çərçivəsində Dövlət Qulluğu üzrə Astana Regional Xabın təşkilatçılığı ilə DİM-in İdarə Heyətinin sədr müavini Bəhrəm Xəlilovun həmmüəllifi olduğu “Yeni reallıqda dövlət idarəçiliyi” adlı kitabın təqdimatı da baş tutub. Sözügedən kitab “Springer Nature” nəşriyyatına daxil olan Palgrave Macmillan tərəfindən çap olunub və müasir dövlət qulluğuna dair innovativ yanaşmaları və region ölkələrinin qabaqcıl təcrübələrini əhatə edir.
Forumda həmçinin Qazaxıstanın Dövlət Qulluğu üzrə Agentliyinin sədri Darkhan Zhazykbay, Süni İntellekt və İnnovasiyaların İnkişafı Komitəsinin sədr müavini Alibek Sailanbayev, Dövlət Qulluğu üzrə Astana Regional Xabın İdarəetmə Komitəsinin sədri Alikhan Baimenov, eləcə də müxtəlif ölkələrin dövlət qulluğu və digər müvafiq sahələr üzrə təşkilatlarının rəhbər şəxsləri, yüksək səviyyəli mütəxəssislər, eləcə də Dövlət İdarəçilik Akademiyalarının rektor və nümayəndələri iştirak ediblər.
Forumun əsas məqsədi dövlət qulluğu sahəsində süni intellekt texnologiyalarının tətbiqi, insan resurslarının idarə olunması üzrə inteqrasiya olunmuş sistemlərin yaradılması və dövlət qulluqçularının peşəkar bacarıq və kompetensiyalarının inkişaf etdirilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübə mübadiləsini təmin etmək olub.
Tədbirin proqramı ilə keçiddən tanış ola bilərsiniz.