“Bir neçə ildir böyük futboldan uzaq düşən Kamal Qultyev yenidən gözəl fürsət yaxalayıb.
Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi «Qaradağ Lökbatan»ın sükanı arxasına keçə bilər.
Mövsümün sonunda I Liqanı tərk edən klubun rəhbərliyi baş məşqçi postunu ona tapşırmaq niyyətindədir. Tərəflər arasında bu məqsədlə görüş keçirilib.
K.Quliyev məşqçilikdə ilk addımlarını «Neftçi»də atıb, Böyükağa Hacıyevin korpusunda yer alıb. 12 il öncə «Neftçala»nı çalışdırıb.
O, bu komandayla ardıcıl iki mövsüm I Liqada çempionluq qazanıb. Sonuncu iş yeri isə «Keşlə» (indiki «Şamaxı») olub.
19 ildir fəaliyyət göstərən «Qaradağ» yenə futbol səhnəsində qalacaq. Bu, «Neftçi»İK-nin İdarə Aparatının sədri Sadıq Sadıqovun sayəsində mümkün olub.
Tanınmış idman adamı «Qaradağ»ın mövcudluğunu qoruyub. Vaxtilə «Neftçi»PFK-da qazandığı böyük uğurlarla adını tarixə yazdırmış dəyərli funksioner daxili imkanlar hesabına Lökbatan təmsilçisini yaşatmağa qərar verib.
Əgər Sadıqov bu problemin müsbət həllinə cəhd göstərməsəydi, QL gələn mövsüm II Liqada yarışmayacaqdı.
İndi isə bu sual artıq ortadan qalxıb. Klubun yenidən təşkilatlanmasına başlanıb. Həmçinin Amit Quluzadə baş məşqçi postunu tərk edib.
«Qaradağ» I Liqanın bəzəyi sayılırdı. Dəfələrlə çempionatın qalibi ünvanını qazanan qəsəbə təmsilçisi 27 tura 23 xal toplayaraq, turnir cədvəlində sonuncu pilləni tutub və daha aşağı liqaya yuvarlanıb.
Mayda komadadaxili toplantı keçirilib. Rəsmilər məşqçi və futbolçularla görüşündə pis xəbər paylaşıb.
Diqqətə çatdırıblar ki, I Liqada yerini itirən «Qaradağ» futbol səhnəsindən çəkiləcək və bundan sonra yalnız uşaq futbolunda çıxışını sürdürəcək.
Sadıq Sadıqovla Kamal Quliyev «Neftçi»dən bir-birlərini tanıyırlar. İlk dəfə yolları 13 il öncə yolları orada kəsişib.
SPORTİNFO.AZ