ain.az, Oxu.az portalına istinadən məlumat verir.
19-20 iyun tarixlərində Bakıda keçirilən "Baku ID 2025" innovasiya festivalı uğurla başa çatıb. "The Regional Nexus" mövzusuna həsr olunmuş builki tədbir, iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək, Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirdi.
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil Nazirliyi, SOCAR, "PAŞA Holding" və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirilib.
İki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən "Baku ID" festivalı, paralel sessiyalar, panel müzakirələri və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrildi. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlarla yadda qaldı.
"Baku ID" tədbirinin ikinci günündə keçirilən "Korporativ innovasiya: ekosistem imkanlarından istifadə strategiyaları" paneli iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Panel çərçivəsində çıxış edən SOCAR-ın Strateji İdarəetmə və İnnovasiya Departamentinin rəhbəri Teymur Əliyev, innovasiyayönümlü tənzimləyici mühitin formalaşdırılması və "sandbox" modellərinin tətbiqi ilə bazara çıxış proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, bu təşəbbüslərin uğurlu olması üçün bütün maraqlı tərəflərin ilk gündən prosesə cəlb edilməsinin önəmli olduğunu qeyd edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov isə texnoparklara çıxış imkanlarının genişləndirilməsi və inkubasiya proqramlarının ölkə iqtisadiyyatına təsirinin artırılması baxımından böyük potensiala malik olduğunu bildirib.
Tədbir çərçivəsində, həmçinin ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli Anlaşma Memorandumu imzalanıb.
İlk memorandum ARDVENTURE, SABAH.HUB və "SABAH.fund" arasında imzalanıb. Memorandum türk dünyasının əsas innovasiya mərkəzlərində "Texnologiya Səfirlikləri" şəbəkəsinin yaradılması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Növbəti iki memorandum isə "SABAH.angels" "Galata Business Angels" və "Anbema Soft & Consulting" ilə ayrı-ayrılıqda imzalanıb. Tərəflər arasında bağlanan bu əməkdaşlıqlar səhiyyə texnologiyaları, biotexnologiyalar və innovativ maliyyə sahələrində beynəlxalq bilik mübadiləsinin təşviqi, eləcə də perspektivli qlobal bazarlara çıxışı və sərmayə cəlbi imkanlarının genişləndirilməsini hədəfləyir.
"Baku ID" tədbirində çıxış edən yerli və beynəlxalq mütəxəssislər sırasında "Qwasar Silicon Valley"nin baş icraçı direktoru Kvame Yamqnane, "G8 Ventures və Sendity" platformasının təsisçisi Rafael Salasar, "MentalUp" şirkətinin təsisçisi İqor Burattini, "ABB Innovation"un baş icraçı direktoru Həsən Eminov və Kembric Universitetində texnoloji innovasiyalar üzrə tədqiqatçı Nayall MakNalti yer alıb. Onların çıxışlarında innovasiya mühitinin inkişafı, startaplarla əməkdaşlıq, rəqəmsallaşma və beynəlxalq təcrübənin əhəmiyyəti xüsusilə diqqət çəkib.
Festivalın əsas hissələrindən olan startap təqdimat mərhələsində yerli və beynəlxalq komandalar məhsul və ideyalarını sərgiləyərək investorlar qarşısında çıxış ediblər.
Bu komandalar investisiya imkanları üçün seçilmiş perspektivli startaplar sırasına daxil olublar.
"Baku ID", həmçinin beynəlxalq startap yarışması olan "Startup World Cup" müsabiqəsinə ev sahibliyi edib. "Pegasus Tech Ventures"ın təşkilatçılığı ilə həyata keçirilən bu müsabiqə bu il artıq ikinci dəfə "SABAH.angels" tərəfindən təşkil olunub və 8 finalçı arasından seçilən "Clopos" startapı qalib olaraq San-Fransiskoda keçiriləcək böyük finalda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Yarışa 6 ölkədən ümumilikdə 80 müraciət daxil olub və seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb.
Festivalın ikinci günü baş tutan "Nexus Awards" mərasimi isə tədbirin kulminasiya nöqtəsi oldu. 40-dan çox ölkədən, 800-dən çox namizədin 14 kateqoriya üzrə irəli sürüldüyü bu yarışmada 8 mindən çox səs verilib. Mərasimdə 15 kateqoriya üzrə qalib olmaqla 30-dan çox startap və şirkət tanınıb.
Bununla yanaşı, regionun 8 şirkəti nüfuzlu fondların dəstəyi ilə ümumilikdə 4 milyon ABŞ dolları məbləğində investisiya cəlb etməyə nail olub.
Dolğun məzmunu ilə yadda qalan "Baku ID", iki gün ərzində təqdim olunan innovativ ideyalar, texnoloji yeniliklər və imzalanan strateji əməkdaşlıqlarla regionun güclü inkişaf potensialını bir daha təsdiqləyib.
Tədbirin əsas məqamları, qaliblər və fotomateriallarla tanış olmaq üçün www.bakuid.com rəsmi vebsaytını, eləcə də "Baku ID"nin Instagram, Linkedin və Facebook səhifələrini izləyə bilərsiniz.










Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.