Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 21 iyun, AZƏRTAC
Peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi üzrə iyulun 20-də keçiriləcək imtahana qeydiyyat elan edilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 8 iyul saat 18:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 2025-ci il 19 iyun tarixli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:
-2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;
2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının ( ACA/ICAEW - Chartered Accountant Qualification ) sertifikatına;
2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.
2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:
2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.
İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.
Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.