AZ

İran parçalanacaq? -

“Hal-hazırda İsrail–İran müharibəsi kifayət qədər ciddi bir mərhələyə qədəm qoyub. Hər iki tərəf bir-birinə ağır zərbələr endirir və ciddi dağıntılar var. Amma nəzərə alsaq ki, İsrailin arxasında Qərb və ABŞ dayanır, bu baxımdan gələcəkdə İsrailin üstün mövqedə olacağı ehtimalı daha real görünür”. Bu fikirlıri Metbuat.az-a açıqlamasında politoloq Əli Mustafa bildirib. O deyib ki, İran tərəfinin hələlik hansı ehtiyatlara sahib olduğu sual altındadır: “Raket ehtiyatları və digər silah sistemləri ya zamanla tükənə, ya da istifadə imkanları məhdudlaşa bilər. Belə bir vəziyyətdə İran konkret seçim qarşısında qala bilər: ya təslim olmaq, ya da hava məkanına nəzarət edə bilməyən bir dövlət olaraq İsrailin zərbələrini davamlı şəkildə qəbul edərək zəifləməyə davam etmək. Əgər bu proses davam edərsə, danışıqlar baş tutmazsa, atəşkəs gündəmə gəlməzsə və müharibə uzanarsa, İran daxilində rejim dəyişikliyi məsələsi aktuallaşa bilər. Bu dəyişiklik hərbi təzyiqlərin nəticəsi kimi ortaya çıxa bilər və ya xalqın öz etirazı və planı ilə baş verə bilər. Hazırda baş verənlərə qarşı narazılıq artdıqca xalqın təpkiləri də istisna edilmir. Artıq Tehranın əhəmiyyətli hissəsi boşaldılıb və yalnız müəyyən qurumlar fəaliyyət göstərir. Onlar da hava məkanının qorunmaması səbəbilə İsrailin birbaşa zərbələri altındadır”. Politoloq İranın gələcəyi ilə bağlı bir neçə ehtimalı nəzərə çatdırıb: “İran rejimini dəyişərək demokratik və dünyəvi bir dövlətə çevrilə bilər. Bu zaman ölkənin sabitliyi müəyyən qədər qoruna bilər. Digər bir ehtimal isə şahın oğlunun ölkəyə qaytarılması ideyasıdır. Bu ideya nə qədər real olmasa da, bəzi çevrələrdə müzakirə olunur. Daha ciddi ehtimallardan biri isə İranın parçalanmasıdır. Bu, təkcə daxili səbəblərlə deyil, xarici güclərin – ABŞ, İsrail və digər böyük qüvvələrin siyasi qərarları ilə də əlaqəlidir. İran çoxmillətli bir dövlətdir. Belə ölkələrdə bəzi xalqlar zamanla ayrılaraq öz milli dövlətlərini qurmaq istəyə bilər. Bu baxımdan parçalanma riski az deyil”. Ə.Mustafa qeyd edib ki, Azərbaycanı həm dövlət, həm də türk milləti kimi İranda yaşayan azərbaycanlıların və türklərin taleyi bizi xüsusilə düşündürür: “Əgər İran parçalanarsa, Azərbaycanın daha böyük əraziləri əhatə edən müstəqil bir dövlət kimi formalaşması ehtimalı nəzərdən qaçmamalıdır. Digər tərəfdən, əgər rejim dəyişir, amma İran bütöv qalaraq demokratikləşirsə, bu zaman fərqli imkanlar meydana çıxa bilər. Müharibənin necə başa çatacağı bütün bu ehtimallara ciddi təsir edəcək. Mənə görə, İranın demokratik və dünyəvi bir dövlətə çevrilməsi, yəni parçalanmadan yalnız rejimin dəyişməsi bu mərhələdə daha məqbul və təhlükəsiz yol ola bilər. Çünki parçalanma bir çox ciddi problemləri özü ilə gətirə bilər və bu, bölgədə uzun illər davam edəcək savaşlara, münaqişələrə və müxtəlif risklərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də İran xalqının verəcəyi qərarlar olduqca əhəmiyyətlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
6
50
metbuat.az

10Mənbələr