AZ

Fidan və Lazzarini UNRWA sazişi imzalayacaq

BAKI, TurkicWorld

Türkiyə ilə UNRWA arasında Ankarada nümayəndəlik açılması barədə saziş imzalanacaq

TurkicWorldxəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Türkiyə ilə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) arasında mühüm sənəd imzalanacaq.

Xarici işlər naziri Hakan Fidan və UNRWA-nın baş komissarı Filip Lazzarini iyunun 22-də Ankarada Agentliyin nümayəndəliyinin yaradılmasına dair razılaşmanı rəsmi şəkildə təsdiqləyəcəklər.

Saziş UNRWA-nın Türkiyədə rəsmi nümayəndəlik açmasına imkan verəcək və Agentliyin regiondakı fəaliyyətlərini gücləndirəcək.

Türkiyə uzun illərdir UNRWA-ya prinsipial və davamlı dəstək göstərən əsas tərəfdaşlardan biridir. Fələstinli qaçqınların təhsil, səhiyyə və sosial müdafiə kimi əsas ehtiyaclarının qarşılanmasında bu agentliyin əvəzolunmaz rolunu tanıyan Türkiyə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda UNRWA-nın fəaliyyətini dəstəkləməyə davam edir.

Türkiyə 2023-cü ildən bu yana UNRWA-ya 25 milyon ABŞ dollarından çox könüllü maliyyə yardımı ayırıb və Agentliyin maliyyələşdirilməsi üzrə İşçi Qrupuna da sədrlik edir. Hökumət, eyni zamanda, UNRWA-nın işğal olunmuş Fələstin ərazilərindəki fəaliyyətinə qarşı İsrailin məhdudlaşdırıcı addımlarını beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirir və bu istiqamətdə BMT və Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə hüquqi mövqeyini müdafiə edir.

Qeyd edək ki, UNRWA 1949-cu ildə BMT Baş Assambleyasının qətnaməsi ilə yaradılıb və hazırda 5,9 milyon fələstinli qaçqının hüquqlarını və rifahını qorumaq üçün Qəzza, Şərqi Qüds, İordaniya, Livan və Suriyada fəaliyyət göstərir. Agentliyin 30 minədək əməkdaşı və əsasən könüllü töhfələrlə formalaşan büdcəsi var.

Seçilən
3
turkic.world

1Mənbələr