Sabunçuda dostların içki məclisində dava düşdü — Xəsarət alan var
Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Alim sərxoş vəziyyətdə yaranan mübahisə zamanı tanışı Elbrusa xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 6-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Cəbrayıl rayon sakini Alim həmin gün saat 1 radələrində fərdi evin qarşısında tanışı Elbrusun onunla kobud danışması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə burun nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Alimin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Alim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 5-də, saat təxminən 22 radələrində işdən çıxıb və tanışı Yusiflə görüşüb, yeyib içmək qərarına gəliblər: “Yusiflə Sabunçu qəsəbəsi, 9-cu mədəndə məhəllədə görüşdük. Daha sonra marketdən araq və yemək aldıqdan sonra Yusifin evinə gedərkən üzdən tanıdığımız Elbrus adlı şəxslə rastlaşdım. Yusif Elbrusu birlikdə yeyib içməyə dəvət etdi və birlikdə Yusifin yaşadığı fərdi evə getdik. Masa arxasında əyləşərək aldığımız yeməyə və spirtli içki qəbul etməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə saat keçdikdən sonra, yəni fevralın 6-da, saat 1 radələrində Elbrus onunla kobud danışaraq nalayiq ifadə işlətdiyi üçün ona kobud şəkildə cavab verib, sonra Elbrus masadan qalxaraq evdən çölə çıxıb: “Elbrusun arxası ilə çölə çıxdım və Elbrusa yaxınlaşdım. Mənə qarşı hörmətsizlik etdiyini bildirdi, yumruqla Elbrusun sağ gözünə bir dəfə zərbə vurdum. Sonra isə uzaqlaşaraq getdim. Bununla da təxminən 1-2 dəqiqə davam edən mübahisələrimiz bitdi”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Alim 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az