Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti İrlandiyanın Kerri şəhərində təşkil olunan 25-ci Beynəlxalq Uyğunlaşdırılmış Fiziki Fəaliyyət Simpoziumunda (ISAPA 2025) iştirak edib.
90deqiqe.Az MPK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 ölkədən 500-dən çox iştirakçının qatıldığı simpoziumda MPK-nı Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə təmsil ediblər.
Adaptiv fiziki fəaliyyət və inklüziv bədən tərbiyəsi sahəsində ən nüfuzlu tədbir hesab olunan simpoziumda Əşrəf Qasım tərəfindən MPK-nın təqdimatı olub. Təqdimatda qurumun ümumi fəaliyyəti və görülən işlər barədə məlumat verilib. Həmçinin Çin, Kanada, İrlandiya, Bəhreyn Krallığı və Cənubi Koreya paralimpiya komitələrinin rəhbərliyi ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Simpoziumun keçirilmə məqsədi adaptiv fiziki fəaliyyət təcrübələrinin inkişafını təşviq etmək, bu sahədə fəaliyyət göstərən qurumların və elm adamlarının bilik mübadiləsini təmin etməkdir.
Qeyd edək ki, iki ildən bir keçirilən simpozium UNESCO-nun dəstəyi ilə təşkil edilir və onun beynəlxalq əməkdaşlığa və inklüziv idmana sadiqliyini vurğulayır.